Belarus idman və turizm nazirinin müavini: "Bakıda özümüzü evdəki kimi hiss edirdik" - MÜSAHİBƏ

Belarus idman və turizm nazirinin müavini: "Bakıda özümüzü evdəki kimi hiss edirdik" - MÜSAHİBƏ Aleksandr Dubkovski: "Olimpiadada ən güclü idmançılar iştirak etmirlərsə, hansı rəqabətdən danışmaq olar?!"
Fərdi
5 Avqust , 2016 12:13
Belarus idman və turizm nazirinin müavini: Bakıda özümüzü evdəki kimi hiss edirdik - MÜSAHİBƏ

Minsk. 5 avqust. REPORT.AZ/ Belarus Respublikasının idman və turizm nazirinin müavini Aleksandr Dubkovskinin "Report" agentliyinə müsahibəsi:

- Minskdə yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında keçirilmiş dünya çempionatı barədə nə deyə bilərsiz?

- Bu çempionatın keçirilməsi üçün ölkəmizdə Təşkilat Komitəsi yaradılmışdı. Komitəyə hökumət üzvü, Belarusun idman və turizm naziri Aleksandr Şamko rəhbərlik edirdi. Təbii ki, bütün xidmətlər təşkilati işlərə qoşuldu. Əvvəlcədən viza lazım olan ölkələrə Belarusa gəlmələri üçün lazımi ödənişləri həyata keçirdik. Bütün qonaqlar pul xərcləmədən, konsulluq vəsaitinin hesabına ölkəmizə gəldi.

Logistika, yaşayış sahəsində hər şey əvvəlcədən düşünülmüşdü. Təbii ki, hər şey əvvəlcədən edilmişdi. Vaxtında çatdıra bilmədiyimiz yeganə amil kayaklara və kanoelərə ellinqlərin hazırlanması oldu. Bu problemi də müvəqqəti çadırlarla aradan qaldırdıq. Çempionatın keçirildiyi su hövzəsi bütün müasir tələblərə cavab verir. Komandamızın məhsuldarlığının bizi məyus etmədiyini gördük, bu çempionata yaxşı hazırlaşmışdıq. Komandamız yaxşı çıxış etdi.

- Belarusun kayakçılar və kanoeçilərdən ibarət əsas komandasının dopinq səbəbindən Rio Olimpiadasından kənarlaşdırılmaları dünya çempionatının keçirilməsinə hər hansı bir şəkildə təsir etdi?

- Qətiyyən yox. Hər şey normal rejimdə işləyir. Beynəlxalq Kanoe Federasiyasının qərarı və hərəkəti bizi çox məyus edir, çünki belə qərar üçün heç bir əsas yox idi, hələ indiyə qədər də yoxdur. Bizi daha çox yandıran odur ki, komandamız yaxşı nəticələr göstərən zaman federasiya bu idman növündə ən güclü olan ölkəni əsassız səbəblərə görə yarışlara buraxmır. Fikrimcə, bu qərarı qəbul edən rəsmilər bağışlanmayacaq. Onların üzrxahlığı tərəfimizdən qəbul edilə bilməz!

- Belarus kayakçıları və kanoeçilərinin Olimpiya Oyunları-2016-da iştirak edəcəyinə əminsiniz?

- İndi Olimpiadada iştirak çox pis hala salınıb. Oyunlarda ən güclü idmançılar iştirak etmirlərsə, hansı rəqabətdən danışmaq olar?! Qeyd etmək lazımdır ki, diskvalifikasiya yox, kənarlaşdırma var. Belədə Olimpiadada yalnız ikinci və üçüncü dərəcəli idmançılar iştirak edəcək. Seçim hüququnun Beynəlxalq Federasiyaya verilməsi də düzgün deyil, çünki bütün meyarlar əvvəlcədən müəyyənləşdirilmişdi. İdmançıları nahaq yerə Olimpiya Oyunlarında iştirak etmək hüququndan məhrum edirlər. Diskvalifikasiyalar üzrə sanksiyalar yoxdur. Sadəcə, sonradan Beynəlxalq Federasiyanın İcraiyyə Komitəsinin idmançılarımızın Olimpiadada iştirak etməsini yasaqlayan qərarı çıxır. Bu məsələnin həlli üçün hansı ədalət çərçivəsi və seçim sistemi ola bilər?! Başqa sözüm yoxdur. Bütün bunlar Olimpiya hərəkatına və idmana ziyan vurur. Qorxuram ki, bu tendensiyalar Olimpiya Oyunlarından sonra da saxlanıla.

- Bu məqamda Belarus Olimpiya Komitəsinin Olimpiya hərəkatından çıxışı mümkündürmü?

- Əlbəttə, belə addımlar atmayacağıq. Əksinə, gələcəkdə oxşar halların başqa ölkələrin başına gəlməməsi üçün beynəlxalq sistemə, o cümlədən hüquqi cəhətdən, kömək etməyə çalışacağıq. Amma bunu digər ölkələrlə razılaşdırılmış şəkildə edəcəyik. Bu cür ədalətsiz qərarlardan əziyyət çəkdiyimizdən ilk təşəbbüsü də, əlbəttə, biz göstərməliyik.

- Azərbaycan da analoji problemlərdən əziyyət çəkir. Bizim ağır atletika komandamız Olimpiadadan kənarlaşdırılıb. Oxşar problem Rusiyada da, Qazaxıstanda da mövcuddur. Bu məsələdə siyasi təsirin olduğunu düşünmürsünüz?

- Tamamilə doğrudur. Bütün bu prosesləri belə qərarların qəbul edilməsində maraqlı olan bir qrup şəxs idarə edir. Özü də qəbul edilən qərarlar nəticələrin əksinə olur. Odur ki, başqa məna axtarmağa dəyməz. Amma bu, o anlama gəlmir ki, belə qərarları Beynəlxalq Kanoe Federasiyasının və ya hər hansı başqa federasiyanın beynəlxalq rəsmilərinin təmsil etdiyi ölkələrin rəhbərləri qəbul edir. Bütün bunlar siyasətlə bağlıdır. Əlbəttə, bu, həm də dövlət başçıları səviyyəsinə qədər yüksələn məsələdir. Təbii ki, onlar da ölkə idmançılarının dördilliyin ən mötəbər idman turnirinə anlaşılmayan səbəblərdən buraxılmadığını başa düşür.

- Azərbaycan və Belarus arasında idman sahəsindəki əlaqələri necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir və daim inkişaf edir. Bu yaxınlarda Bakıda keçirilmiş Avropa Oyunları əla səviyyədə təşkil olunmuşdu. Bakıda özümüzü evdəki kimi hiss edirdik. Komandamızda yaranmış suallar dərhal həll olunurdu. Biz, həm də MDB Şurası çərçivəsində əməkdaşlıq edirik. Bir növ daim bir yerdəyik, əməkdaşlığı genişləndirmək lazımdır. Hesab edirəm ki, böyük perspektivlərimiz var. İdman çox sürətlə inkişaf edir və güclü olmaq üçün birlikdə addımlamalıyıq. Sona qədər ədalət tərəfdə dayanmaq şansımız var.

- İkinci Avropa Oyunlarının Minskdə keçirilməsi ideyasına necə baxırsınız?

- Bakıda yarışın keçirilmə səviyyəsi elə yüksək müəyyənləşdirilib ki, Oyunları ondan aşağı səviyyədə təşkil etmək düzgün olmazdı. Hər şey çox gözəl təşkil olunmuşdu.

- 2019-cu ildə Minskdə yeniyetmələr arasında Avropa Olimpiya Festivalı keçiriləcək. Bəs, ölkədə Olimpiada keçirmək ilə bağlı hər hansı plan var?

- Hələ ki, bu barədə danışmaq çətindir, lakin hər şey buna tam hazır olmağa doğru gedir. Bizdə futbol üçün kifayət qədər stadion yoxdur. Hazırda namizəd-iştirakçıların Oyunlara hazırlıq sisteminin liberallaşdırılması həyata keçirilir. Ola bilsin, Rusiya və ya Polşa ilə şərikli Olimpiada olsun. Belə idman tədbirinin keçirilməsi üçün Olimpiya obyektlərinin tam hazır olması lazımdır.

- Belarus kimi, Azərbaycanda da futbolda bəzi problemlər var. Hətta klub səviyyəsində müəyyən tərəqqi olsa da, yığma komanda səviyyəsində bu, hiss olunmur. Sizcə, bunun səbəbləri nədir?

- Biz futbol oynaya bilmirik. Elə bir ciddi ənənəmiz yoxdur. Sovet məktəbi qalıb və yenilərini yetişdirə bilmirik. Amma işləməyə davam edəcəyik. Olimpiya Ehtiyatları Məktəbinin bazasında futbol akademiyamız var. Bu akademiyada müxtəlif yaş kateqoriyalı yığma komandalar yaratmağa çalışırıq. Hələlik daxili çempionata diqqət ayırmağa çalışırıq.

- Bu, federasiyanın rəhbərliyi ilə bağlı ola bilər?

- Yox, niyə ki. Rəhbərlik komandaları hazırlaşdırmır, onlar şərait yaradır. Şərait də ki, var, bizə artığı lazım deyil. Daha çox pul olarsa, bu, komandaların daha yaxşı oynayacağı anlamına gəlmir. Hazırlıq sistemi olmalıdır və o, işlək vəziyyətdə saxlanılmalıdır. Biz hələlik şərait yaradırıq, sistem hələ ki, nəticə vermir.

- Rəsmi Bakı artıq iki dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib. Ancaq Minsk bütün bu vaxtı bunu etməyib. Bu, nə ilə bağlıdır?

- Xeyr, əlbəttə, müraciət etməmişik. Planımızda belə bir addım yoxdur. Qarşıda 2019-cu ildə keçiriləcək yeniyetmələr arasında Avropa Olimpiya Festivalı var. Belə yarışlar Olimpiya Oyunlarına hazırlığımızı yoxlamağa kömək edəcək. Olimpiada kimi nəhəng turnirlə bağlı planlarımız yoxdur, hələ bu barədə danışmaq tezdir.

Son xəbərlər

Orphus sistemi