Baş məşqçi Azərbaycan atletlərinin olimpiadadakı uğursuzluğunu pandemiya ilə əlaqələndirib

Baş məşqçi Azərbaycan atletlərinin olimpiadadakı uğursuzluğunu pandemiya ilə əlaqələndirib "Olimpiada ərəfəsində də federasiya rəhbərliyi ilə görüşümüz olub. Federasiya prezidenti Çingiz Hüseynzadə də Tokioda idi. Yarış vaxtı da nəticələri sorğu-sual etmişik. Qalib gəlsən də, məğlub olsan da hamısı analiz olunmalıdır".
Fərdi
113
24 Sentyabr , 2021 10:51
Baş məşqçi Azərbaycan atletlərinin olimpiadadakı uğursuzluğunu pandemiya ilə əlaqələndirib
Bəhruz Salehli

"Olimpiada ərəfəsində federasiya rəhbərliyi ilə görüşümüz olub. Federasiya prezidenti Çingiz Hüseynzadə də Tokioda idi. Yarış vaxtı da nəticələri sorğu-sual etmişik. Qalib gəlsən də, məğlub olsan da hamısı analiz olunmalıdır".

Bu fikirləri "Report"a açıqlamasında atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Bəhruz Salehli Tokio-2020 Yay Olimpiya Oyunlarındakı göstərdikləri nəticələrlə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, üç təkanla tullanma növündə çıxış edən Nazim Babayevin və çəkicatmada yarışan Anna Skidanın ən azı finala çıxacağına ümid ediblər: "Hər iki idmançımız finalın bir addımlığında qaldı. Həmişə bu iki idmançımız finallarda olub. Təəssüf ki, Aleksis Kopello zədələndiyi üçün yarışa gedə bilmədi. Amma bu nəticələrin səbəbləri də var. Mənim əlimdə sənədlər var, hansı ki, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) göndərilib. Bunları sizə verə bilərəm. Kim nə deyir desin, nəticələrin belə olmasının birinci səbəbi pandemiya idi".

Salehli 2020-ci il martın 28-də idmançılara məşqlə bağlı qadağa qoyulduğunu xatırladıb: "Yaxşı bilirsiniz ki, nə çölə çıxmaq, nə də məşq etmək olurdu. Bu, 9 ay davam etdi. Sonra isə 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında bizə açıq havada məşq etmək üçün icazə verildi. Pandemiya vaxtı dayanmadan işləyən müəssisələr var. Məsələn, Bakı Neftayırma Zavodu, xalq üçün lazım olan müəssisələr və s. Müəyyən sahələr var ki, onlar pandemiya dönəmində belə işləməlidir. İdman da həmin siyahıya daxildir. Gərək olimpiadaya hazırlaşan idmançıların məşqləri dayanmayaydı. Bu, elə-belə yarış deyil. Qadağa səbəbindən heç yerə çıxa bilmirdik. Sonra elə dönəm oldu ki, 3 saat vaxt verdilər. Belə vəziyyətdə xüsusən Yay Olimpiya Oyunları səviyyəsindəki yarışa hazırlaşmaq mümkünsüzdür. Evdə yüngül məşq etmək olar. Amma bu, olimpiada səviyyəsindəki məşq deyil".

Baş məşqçi iki əsas idmançının uzun müddət məşq etmədikləri üçün zədə aldıqlarını da sözlərinə əlavə edib: "Nazim Babayev və Aleksis Kopello sıradan çıxmışdı. Məsələ burasındadır ki, məşq üçün bədən əzələrinin temperaturu hava ilə eyni olmalıdır. Yoxsa, idmançı zədələnəcək. 20-24 dərəcədə məşq etmək olar, ondan aşağı olsa, hazırlığın heç faydası yoxdur. Babayev qışda bir yarışda çıxış edə bildi. Onda da zədəli idi. Kopello isə əməliyyat olunmuşdu. Əsas məsələlər budur. Bundan əlavə, bir ildən çox böyük yarışlarda iştirak edə bilmədik. İcazə yox idi. Amma qardaş Türkiyə də daxil olmaqla, bütün ölkələrdə hər yer bağlı olsa da, idman qurğuları açıq idi. Yollar açılandan sonra yığma üzvlərini təlim-məşq toplanışı üçün Türkiyəyə yolladıq. Orada hər yer bağlı olsa da, zallar açıq idi. Ona görə də olimpiadada ən yaxşı nəticələrindən birin göstərdilər. Başqa ölkələrdə idmana yaşıl işıq yandırmışdılar. Yığma üzvlərinə heç bir qadağa yox idi".

Mütəxəssisin sözlərinə görə, bəzi sahələr, pandemiyaya baxmayaraq, işləməli idi: "Xalqımızı və Vətənimizi yaxşı təmsil etmək istəyiriksə, idmanı dayandıra bilmərik. Bir ay saxlasan, iki ay, 2 ay saxlasan 4 ay, 4 ay saxlasan 8 ay arxaya gedəcək. TƏBİB-in müəyyən qərarları olub ki, bunlar adi həyat üçün yaxşıdır. Amma idmanla bağlı məsələdə baş məşqçiləri, məşqçiləri, nazirlikdən və Milli Olimpiya Komitəsindən nümayəndələri çağırıb məsələhətləşməli idi. Müzakirəyə çıxarılmalı idi ki, bir il sonra olimpiadadır, necə hazırlaşaq? Mən baş məşqçiyəm, qəssablıqdan başım çıxmır. Onlar da tibb işçisiləridir, öz işlərini yaxşı bilirlər. Amma elə proseslər var ki, biz bilirik, onlar bilmir. Məşqlər nə vaxt dayanmalıdır, nə vaxt davam etməlidir və s. Məsləhətli don geniş olar. Məsləhətləşmə olsa idi, biz də deyərdik ki, qardaş Türkiyəyə baxın. Görün necə edirlər, biz də elə edək. Nazim Babayev 17 metr tullanırdı, pandemiyadan sonra 16,50 tullandı. Məsələhətləşmək lazım idi. Biz xalq və Vətən üçün çalışırıq. Oturub ortaq məxrəcə gəlmək olardı. Ümumi götürəndə olimpiadada nəticəmiz niyə aşağı oldu? Pandemiyaya görə əla nəticədir. Amma biz istəyən nəticəni qazanmadılar. Güləş, cüdo, boks, taekvondo və digər idman növləri niyə gerilədi? Tək biz deyildik. Burada qlobal işlər var".

Qeyd edək ki, Anna Skidan və Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi