ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullunun "Report"a müsahibəsi
Fərdi
10 Yanvar , 2023 10:54
ACF-in baş katibi: Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik - MÜSAHİBƏ
Rəşad Rəsullu

Geridə qalan 2022-ci il Azərbaycan cüdoçuları üçün bir sıra beynəlxalq yarışlar, turnirlər və təlim-məşq toplanışları ilə əlamətdar olub.

Ötən ilin yekunları və gələcək planlarla bağlı “Report”un suallarını cavablandıran Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

Federasiya rəsmisinin geniş müsahibəsini təqdim edirik.

- Ötən ili Azərbaycan Cüdo Federasiyası üçün necə qiymətləndirirsiniz? Qarşıya qoyulan hədəflərlə görülən işlər, qazanılan nəticələr üst-üstə düşdümü?
- Bilirsiniz ki, federasiyada dəyişikliklər 2021-ci ilin sonlarında baş verdi. İlin əvvəlində də elan etdiyimiz kimi, hazırlanan yeni strategiyaya görə, iki əsas istiqamətdə fəaliyyətimiz oldu.

Birinci beynəlxalq arenada nəticələr məsələsidir. Çünki fəaliyyətimizin son nəticəsi özünü məhz bunda göstərir. Burada isə ən önəmli məsələ Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmaq və orada uğurlu çıxış etməkdir. Bu baxımdan, tək böyüklər deyil, gənclər və yeniyetmələr beynəlxalq yarışlarda ümumilikdə 198 medal qazanıblar. Bunlar arasında xüsusilə Avropa çempionatında əldə olunan 1 qızıl, 2 bürünc və dünya çempionatında əldə edilən 2 bürünc medalı qeyd etmək olar. Yeniyetmə cüdoçularımızın Avropa və dünya çempionatındakı uğurlu çıxışını da vurğulamaq lazımdır. Eyni zamanda, komanda yarışlarında qazanılan nəticələri xüsusi qeyd etmək istərdim. Ötən il Azərbaycanın cüdo tarixində ilk dəfə komanda yarışında qızıl medal qazandıq. XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında birinci yeri tutduq. 23 yaşadək idmançıların Avropa çempionatı istisna olmaqla, ötən il qatıldığımız bütün komanda yarışlarında medal əldə etmişik. Bu, özlüyündə bizi sevindirən tərəfdir. Qarışıq komanda yarışlarında oğlanlar və qızlar birlikdə mübarizə aparırlar. Bu da onu göstərir ki, aşağı yaş qruplarında qız cüdosunda inkişaf var. Bu, özünü fərdi yarışların nəticələrində də göstərdi. Avropa və dünya çempionatında medallarımız oldu. Yeniyetmələr arasında dünya çempionatında qızların yarışında Azərbaycan sonuncu dəfə 2013-cü ildə medal qazanmışdı. 9 ildən sonra ilk dəfə nəticə əldə olundu. Nəticələri yaxşı qiymətləndiririk. Amma sırf dünya çempionatlarına baxsaq, ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar. Pis də demək olmaz, yaxşı da. Adətən dünya çempionatı deyiləndə yalnız böyüklər arasında keçirilən yarışlara fokuslanırlar ki, indiyədək cəmi 1 dünya çmepionumuz var. Amma digər yaş qruplarında da dünya çempionalarımızın sayı elə də çox deyil. Məsələn, yeniyetmələr arasında da bu say birdir. Gənclər arasında isə cəmi 4 nəfərdir. Federasiya olaraq, əsas məqsədimiz dünya çempionatlarından mükafatlarla qayıtmaqdır. Amma qızıl medal qazanmaq şanslarımız da kifayət qədər yüksək olur. Analizlərimiz göstərir ki, “qızıl”ı çox vaxt xırda səbəblərdən itiririk. Məsələn, yeniyetmələr arasında dünya çempionatında 60 kq-da çıxış edən Nizami İmranov çox potensiallı idmançıdır. O, yarımfinal görüşünü rəqibə sadəcə hədiyyə etdi. Fəndi tətbiq edərkən başını yerə qoydu.

- Bu, yeni qaydalara əsasən yolverilməzdir...
- Bəli, düzgün deyil. Xırda çatışmazlıqlar bəzən udmaq üçün böyük şansınızın olduğu görüşdə uduzmağınıza gətirib çıxara bilər. Başqa bir misal kimi Zelim Kotosyevi göstərmək olar. Dünya çempionatında qızıl medala çox yaxın idi. Yarımfinalda kanadalı idmançı ilə güləşirdi və görüşün başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış bir vazari xalı ilə öndə idi. Hər şeyə nəzarət edirdi. Sonra nəsə oldu, fəndə düşdü. Vazari, ardınca isə saxlama fəndi ilə rəqib ikinci vazarini aldı və Zelim uduzdu. Sonra 3-cü yer uğrunda güləşdi və qalib gəlməklə bizi sevindirdi, sağ olsun. Qarşılaşmadan sonra soruşdum ki, yarımfinalda vəziyyətə nəzarət edirdin, birdən-birə konsentrasiyanı niyə itirdin? Bildirdi ki, digər tatamidə o biri yarımfinal görüşü gedirdi və özbək idmançı öz rəqibi ilə güləşirdi. Birdən zalın gurultusunu eşidib və yerli cüdoçunun qalib gəldiyini başa düşüb. Kotsoyev əvvəlki təlim-məşq toplanışlarında və yarışlarda bir neçə dəfə bu idmançıya qalib gəlib, ona çox uyğun rəqibdir. Yarımfinal görüşündə həmin cüdoçu udub, Zelim də hesabda öndə olduğundan düşünüb ki, artıq qızıl medal mənimdir. Hardasa 5-10 saniyəlik diqqətsizlik nəticəsində məğlub oldu. Cüdoda çox təcrübəli idmançılar var. Ani boşluqdan dərhal istifadə olunur. Bu cür xırda detallar qızıl medal qazanmağımıza mane olur.

- Hazırda Azərbaycan cüdosunda əsas çatışmazlıq nədən ibarətdir?
- Analizlər göstərir ki, burada 3 əsas məqam var. Məhz həmin tərəflərimiz zəifdir. Bunun üzərində işləmək lazımdır. Birincisi, tutmalardır. Bu, cüdoda çox vacibdir. Tutmalarda zəifik. İkincisi, parterdəki güləşimiz ayaqüstə apardığımız mübarizədən çox geri qalır. Amma hər iki cəhətdən bu il ciddi inkişaf gözləyirik. Aşağı yaş qruplarındakı nəticələrdən də görürük ki, artıq iş gedir. Üçüncüsü isə cüdoçularımız bəzən taktiki cəhətdən çox böyük səhvlərə yol verirlər. Lazımsız anda şido xəbərdarlığı alırlar. Durduqları yerdə özlərini çətin vəziyyətə salırlar. Sonra da risk edirlər ki, bu zaman əks fəndə düşmək ehtimalı yüksək olur. Sadaladığımız 3 çatışmazlıq bir-biri ilə bağlıdır. Məsələn, parterdə yaxşı güləşə bilirsinizsə, bundan istifadə edib yerdə dincələ, fiziki gücünüzdən daha səmərəli istifədə edə bilərsiniz.

- Bəs çatışmazlıqları aradan qaldırmaq üçün hansı işlər görülür?
- Bunun üçün ilk növbədə milli komandalarda məşq prosesi düzgün qurulmalıdır. İkincisi, klublarda uşaqları hazırlayarkən bunları onlara başa salmaq lazımdır. Çünki cüdo tək fənd tətbiq etmək deyil, həm də həyat tərzi, təlim vasitəsidir. Cüdonun banisi Ciqaro Kano bunu tək idman növü kimi yaratmayıb. Cüdo vasitəsilə uşaqlara təlim keçə, onları tərbiyə edə, yaxşı vətəndaş kimi yetişdirə bilərsiniz. Əsasən bu istiqamətə önəm veririk. Bununla bağlı gördüyümüz əsas iş Beynəlxalq Cüdo Federasiyasının (IJF) akademiyası ilə məşqçilərin təhsili layihəsinə start verməyimizdir. Artıq 78 məşqçimiz həmin kursda təhsil alır. Nəzəri imtahanları başa vurublar. Üç əyani seminarımız olub. Fevralda Bakıda məşqçilərin imtahanı olacaq. İJF akademiyasının 8 nümayəndəsi buraya gələcək və məşqçilərdən praktiki imtahan götürəcəklər. Həmin vaxt mütəxəssislər yuxarıda dediyim məsələrlə bağlı öz bacarıqlarını göstərməlidirlər ki, sertifikat ala bilsinlər. Bundan sonra həmin məşqçilər klublarda məhz klassik cüdonu uşaqlara öyrətməyə başlayacaqlar. Bu, birinci addımdır. Növbəti addımların da üzərində işləyəcəyik. Bu, tək yığmanın problemi deyil. Uşaqlar klublardan hazır gəlməlidirlər. Sadə bir misal deyim. Bir çox idman növlərində olduğu kimi cüdoda da öyrədilən ilk şey “təhlükəsiz yıxılma”dır. İnandırım ki, bəzən yığmada xüsusilə də qızlara primitiv şeyləri öyrətməkdən başlayırıq. Çünki düzgün yıxılmağı, isinmə hərəkətlərini etməyi bacarmırlar. Bu isə vaxt itkisi deməkdir və ümumi inkişafa mənfi təsir göstərir. Təsəvvür edin ki, milli komandaya yeni futbolçu gəlib, ona topu saxlamağı başa salırsınız. Amma müsbət dinamikanı da görürük. Yeniyetmə və gənc cüdoçularımız artıq görüşləri parterdə udmağa başlayırlar. Məsələn, Balabəy Ağayev Masters turnirində bir görüşünü bu üsulla qazandı. Çevirmə fəndi ilə qazaxıstanlı rəqibini məğlub etdi.

- Yarışlara hazırlıq baxımından başqa hansı yeniliklər tətbiq olunub?
- Hər yarışdan öncə və sonra ciddi analiz işi gedir. Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik. Püşkatmadan sonra ilk və potensial rəqibləriniz bəlli olur. Bunların hər birinin detallı analizi gedir. Müxtəlif resurslardan istifadə olunur. Hər idmançı fərqlidir. Analizin nəticələrini kiməsə axşamdan, kiməsə görüşdən 2 dəqiqə əvvəl deməlisiniz. Hətta bunu hansı məşqçinin söyləməsi də önəmlidir. Çünki hər idmançı ayrıca fərddir və öz psixologiyası var. Ayrıca yanaşma tələb edir.

- Yeri gəlmişkən, ötən il milli komandaya yeni təyinatlar oldu. Riçard Trautman baş məşqçi, Mark van der Ham isə texniki performans direktoru təyin edildi. Xüsusilə sonuncunun işi nədən ibarətdir?
- Bu sualı mənə tez-tez verirlər. Onun əsas vəzifəsi analizlərlə bağlıdır. Amma bu, tək onun işi deyil. Bizdə yerli analitiklərdən Zaur Babayev də var. Eyni zamanda, yerli mütəxəssislərimiz də bu işlə məşğuldur. Görüşdən bir gün əvvəl cüdoçularımızın rəqibləri və öz çıxışları detallı şəkildə təhlil edilir. Yekunda onlara taktika verilir ki, belə güləşəcəksiniz. İndiyə qədər görmədim ki, hansısa idmançı ona verilən taktikanı sonadək dəqiq yerinə yetirsin və uduzsun. Lap uduzsa belə, effekti çox böyük olur. Verilən tapşırığı düzgün yerinə yetirə bilməsə, dərhal onun çıxışında problemlər başlayır.

- Yığmaya başqa əcnəbi mütəxəssislərin cəlb olunması gözlənilir?
- Hazırda fiziki hazırlıq proqramı ilə bağlı da təkmilləşdirmələr gedir. Əcnəbi qidalanma mütəxəssisi ilə danışıqlar aparırıq. Bu, idmançıların çəkilərinin tənzimlənməsi baxımından bizə kömək edəcək. Burada olması o qədər də vacib deyil. Kənardan bizə kömək edəcək. Təəssüf ki, Azərbaycanda bu cür mütəxəssislər tapmaq çox çətindir. Bundan başqa, uzun müddətdir idman psixoloqu axtarırıq. Bununla bağlı Gənclər və İdman Nazirliyi də axtarışdadır. Ümid edirik ki, həllini tapacaq. Bu, elə bir məsələdir ki, psixoloq mütləq Azərbaycan dilində danışmalıdır. Hansısa əcnəbini bura gətirsəniz, o effekti verməyəcək. Ona görə çətin, həssas məsələdir. İdmançılar bəzən psixoloji hazırlığı istənilən səviyyədə olmadığı üçün uduzurlar. Bu amil onların çıxışına və nəticələrinə ciddi şəkildə təsir göstərir.

- Riçard Trautmanın gəlişindən sonra milli komandalarda hansı müsbət dəyişikliklər nəzərə çarpır?
- İlk növbədə sistemli yanaşma tətbiq olunur. Bayaq dediyim analiz məsələsi tək texniki performans direktorunun deyil, baş məşqçinin də nəzarətində olan işdir. Məşq prosesinin təşkili, digər yığmalarla iş və müxtəlif sahələrdə irəliləyiş görürük. Sözsüz ki, müəyyən çatışmazlıqlar da var. Bunu qeyd etməliyik. Əslində çatışmazlıq yox, adaptasiya dövrü desək, daha yaxşı olar. Onlara bir az vaxt lazım idi ki, bizim idmançıları daha yaxşı tanısınlar. Gənc cüdoçu ilə təcrübəli, medallar qazanmış, karyerasının son dövrlərini yaşayan idmançıların motivasiyası eyni olmur. Bu səbəbdən yanaşmalar da fərqli olmalıdır. Digər tərəfdən, əcnəbi mütəxəssislər bizim mentaliteti də bilməlidirlər. Məsələn, qərb ölkəsindən olan idmançıya tapşırıq verirsən ki, səhər yuxudan durub 10 km kros qaçacaqsan. Heç bir məşqçi gedib ona nəzarət etməyəcək. Biz isə bəzən məcbur oluruq ki, hər 2 km-dən bir məşqçi qoyaq, görək, qaçdı, ya yox. Məsuliyyət məsələsi var. Bəzən idmançı deyir ki, bugünkü məşqi buraxım. Bu isə onun 1 həftəlik işinin üstündən xətt çəkir və hər şeyə sıfırdan başlamalı olur. Bunların üzərində işləyirik. Amma ümumi inkişaf dinamikası müsbətdir. Bizim üçün ən önəmlisi dünya çempionatında nəticə qazanmaqdır. Yeniyetmə və gənclərdə nəticələrə görə güzəştə getmək olar. Çünki bunlar bizim ehtiyat qüvvəmizdir. Əsas odur ki, transformasiya düzgün getsin.

- Bu il lisenziya yarışları olacaq. Ümumilikdə neçə lisenziya qazanmağı hədəfləyirsiniz?
- Bilirsiniz ki, cüdoda həm kişi, həm də qadın cüdoçular arasında 7 çəki dərəcəsi üzrə lisenziya verilir. Kişilərdə bütün çəkilərdə kvota qazanmağı hədəfləyirik. Lisenziyalar olimpiya reytinqinə əsasən əldə olunur. 2024-cü ilin iyununda reytinq hesablanması dayanacaq və Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Milli Olimpiya Komitəsinə (MOK) məktub gələcək ki, filan cüdoçular həmin siyahıya düşüblər. Bundan sonra biz öz seçimimizi MOK-a, onlar isə IOC-a bildirəcəklər. Bizim bununla bağlı 2 hədəfimiz var. Birincisi, 2023-cü ilin sonunadək maksimum dərəcədə lisenziyaları zəmanət altına almaq istəyirik. Çünki olimpiadaya hazırlığa 6 ay əvvəldən rahat şəkildə başlamaq istəyirik. Digər tərəfdən, məsələn, Oyunlara hər çəki dərəcəsi üzrə 3 idmançı namizəddir. Onların arasında necə seçim etməliyik? 2024-cü ilin fevralında Parisdə Böyük Dəbilqə olacaq. Həmin turnirdən sonra demək olar ki, olimpiadaya kimin gedəcəyinə qərar verəcəyik. Yəni, iyul ayını gözləməyəcəyik. Seçim edərkən beynəlxalq yarışlardakı nəticələr nəzərə alınacaq. Əgər cüdoçular arasında fərq az olarsa, onlar 1 və ya 2 eyni yarışa göndəriləcəklər. Orada kimin nəticəsi yaxşı olacaqsa, o da gedəcək. Amma burada bir çətinliyimiz var. Beynəlxalq Cüdo Federasiyası təqvimə olimpiadanın startına 2 ay qalmış dünya çempionatı salsa, vəziyyət bir az mürəkkəbləşəcək. Olimpiadaya ilk “8-lik”də yollanmaq önəmlidir. Bu zaman püşkatmada “səpələnmişlər”də olursunuz. Təsəvvür edin ki, lisenziyanı təmin etmisiniz, bu səbəbdən dünya çempionatına getmirsiniz. Amma reytinqdə sizdən aşağıda olan idmançı mundialda 5-ci yeri tutsa belə, gəlib sizi keçəcək və nəticədə ilk “8-lik”dəki yerinizi itirəcəksiniz. Bu da sizin hazırlıq prosesinizə mənfi təsir göstərir. Bu il dünya çempionatını may ayına təyin etdilər. Adətən ilin ikinci yarısında olurdu. Bu da onu göstərir ki, gələn il də mayda mundial keçirilə bilər. Belə olan halda Avropa çempionatı nə vaxt olacaq? Böyük ehtimalla mart və ya apreldə. Həmçinin kontinental kvotalar verirlər. Qızlarda bu cür lisenziya qazana bilərik. Seçim bir az mürəkkəb prosesdir. Baş məşqçi və texniki performans direktorunun bununla bağlı xüsusi hesablama cədvəlləri var.

- Dediklərinizdən belə başa düşmək olar ki, seçim prosesi tam ədalətli olacaq...
- Təbii ki.

- Hər idman növündə olduğu kimi cüdoda da zamanla müəyyən söz-söhbətlər üzə çıxır. Məsələn, belə bir fikir var ki, Kəramət Hüseynov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədlinin qohumu olduğu üçün irəli çəkilir...
- Kəramət Hüseynovun Tokio Olimpiadasına getməsinin bir səbəbi var idi: həm Avropa, həm də dünya çempionatında 3-cü yeri tutmuşdu. 2021-ci ildə bütün cüdoçularımız arasında ən yaxşı nəticə verən idmançı idi. Bəli, Elnur Məmmədlinin bacısı oğludur, amma həm yeniyetmələr, həm gənclər, həm də böyüklər arasında nəticəsi olan idmançıdır. 2018-ci ildə Bakıdakı dünya çempionatında 5-ci yeri tutmuşdu. Çox istedadlı cüdoçudur. 60 kq-da çox böyük rəqabət var. Tək Kəramət və Balabəy Ağayev deyil, Turan Bayramovu da qeyd etmək lazımdır. Bundan başqa, Nazir Talıbov da var. Ümumiyyətlə, bu çəki dərəcəsində təxminən 7-8 idmançı çox ciddi rəqabətdədir. Hətta hazırda gənclər yığmasında çıxış edən Nizami İmranov elə bir nəticə göstərə bilər ki, digərlərini geridə qoyar. Amma hazırkı nəticələrə görə, bu çəkidə ölkənin 1 nömrəsi Ağayevdir. Yığmanın elə bir üzvü deyə bilməz ki, mənə şans verilməyib. Elə bir idmançı varsa, gəlsin danışaq. Hətta bizdə yarışlara göndərilmə qaydası da var. Qran-pri və Böyük Dəbilqəyə getmək üçün mütləq əvvəlcə Açıq Avropa və qitə kuboklarında iştirak etməlisən. İdmançılar da bunu çox gözəl bilirlər. Ötən il ümumilikdə 586 idmançı beynəlxalq yarışlara qatılıb. Bu isə kifayət qədər böyük rəqəmdir. Hamıya şans verilir. Sadəcə, məsələ bundan necə istifadə etməkdir.

- Paris olimpiadasında məşqçilər heyətinin qarşısına hansı hədəf qoyulacaq?
- Olimpiadaya 7 cüdoçu göndəririksə, bu, 7 potensial medal deməkdir. Xüsusilə kişilərdə həqiqətən belədir. Açığı, indidən nəsə deməyim qeyri-peşəkar olar. Çünki zədə, hansısa xəstəlik ola bilər. Ən real proqnozu 2024-cü il iyulun 25-də - yarışdan bir gün əvvəl və ya püşkatmadan sonra vermək olar. Sadəcə, təxmin edə bilərəm. Hazırkı göstəricilərə əsasən, ən çox medal gözlədiyimiz çəkilər 73, 81 və 100 kq-dır. 60, 66 və 90 kq-da da potensialımız yüksəkdir. Ağır çəkidə isə medal gözləntimiz çox aşağıdır. Amma olimpiada fərqli yarışdır. Orada istənilən idmançı medal qazana bilər. Azərbaycan cüdoçuları 2008 və 2016-cı il olimpiadalarında 2 medal qazanıblar. Hədəfimiz ən azı həmin göstəricini təkrarlamaqdır. Əyarı necə olacaq, bunu zaman göstərəcək.

- Rüstəm Orucov çəkisini dəyişdi və bundan sonra 81 kq-da çıxış edəcək. Daha əvvəl 73 kq-da güləşən Orucovun bu addımı rəqabətdə Hidayət Heydərova uduzması ilə bağlıdırsa, yeni çəkidə Səid Mollayi ilə bacara biləcək?
- Məgər, 81 kq-da təkcə Mollayidir?

- Hazırda əsas cüdoçu odur...
- Bu çəkidə rəqabət aşağıdır ki? Rüstəmin məsələsi başqadır. Uzun illərdir 73 kq-da çıxış edir. Artıq yaşı 30-u keçib. Bu halda çəkini 73 kq-da saxlamaq çox çətindir. Hazırda Orucovun çəkisi 83 kq-dır. Hər yarışdan öncə nə qədər çəki salır. Bu isə kifayət qədər enerji itkisi deməkdir. Əvvəllər çəkisi maksimum 78-79 kq olurdu. Biri var çəkini 5 kq azaldasan, biri də var 10 kq. Yaş artdıqca, bunu etmək o qədər də asan olmur. Çəkini salandan sonra bərpa prosesi də sürətlə getmir. Bu qədər çəki salmaq onun çıxışına mənfi təsir göstərirdi. Məşqçilər heyəti Rüstəmlə danışıb, o, özünü 81 kq-da sınamaq istəyir. Bizim üçün çox dəyərli idmançıdır. Bu cür titullu və təcrübəli cüdoçunun yığmada qalması bizi çox məmnun etdi. Komandanın kapitanıdır. Orucova 81 kq-da şans veriləcək. Amma özünü doğrulda bilməsə, ondan sonra digər mərhələlər müzakirə olunacaq. Bu il özünü sınayacaq, çox iddialıdır. Rüstəm kimi idmançı ilə rəqabətdə olmaq Səid Mollayi üçün də yaxşıdır. Bu çəkidə Elcan Hacıyev, Zelim Tçkayev kimi potensiallı cüdoçularımız da var. Rüstəm kimi idmançının da bu çəkidə mübarizə aparması rəqabəti artıracaq.

- Səid Mollayi Azərbaycan millisinə keçdikdən sonra 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Cənubi azərbaycanlı idmançının çıxışı federasiya rəhbərliyini, məşqçilər heyətini qane edir?
- Onun çıxışını yaxşı hesab edirik. Sadəcə, dünya çempionatında istədiyimiz nəticəni əldə edə bilmədi. Masters turnirində ikinci yeri tutması yaxşı göstəricidir. Bir sirri açım, Səid demək olar ki, zədəli halda güləşirdi. Sol dirsəyi tam açılmır. Hətta İsraildəki yarışdan bir gün sonra Almaniyada əməliyyat olundu. İnanırıq ki, 1 ay sonra məşqlərə başlayacaq. Dirsəyindəki problemə görə istədiyi kimi güləşə bilmirdi. Dünya çempionatının 1/4 finalında cənubi koreyalı Yunvan Lini udduqdan sonra dedik ki, minimum finalda olmalıdır. Çünki həmin cüdoçu ötən il bütün rəqiblərini məğlub etmişdi. Amma Masters turnirinin yarımfinalında gürcüstanlı Tato Qriqalaşvili ilə bacarmadı. Özü də potensialından aşağı səviyyədə çıxış etdiyini bildirdi. Taktikanı düzgün qurmamışdı. Üstəlik, xəstə halda tatamiyə çıxmışdı. Ümumiyyətlə, ötən il 3 dəfə gürcüstanlı idmançıya uduzub. Halbuki, olimpiadada ona qalib gəlmişdi. Mundialda 5-ci yer də pis nəticə deyil, qənaətbəxş saymaq olar. Ümumi götürsək, Səidin çıxışını yaxşı qiymətləndiririk. Çox peşəkar idmançıdır. Yeniyetmə və gənc cüdoçularımız üçün nümunədir. Rejimə əməl edən, verilən tapşırıqları düzgün yerinə yetirən, vaxtında yatan, düzgün qidalanan idmançıdır. Çəkisi heç vaxt 84 kq-ı keçmir. Bəzən təlim-məşq toplanışlarını izləyirik. Yerli idmançılarımız düyü və makaronu çörəklə yeyirlər (gülür). Sual verirəm ki, niyə belə edirsiniz? Deyirlər ki, doymuruq. Amma Səidin çörək yediyini hələ görməmişəm. Qidalanmasına fikir verir. Şirniyyatı çox az yeyir. Rejimə tam əməl edir. Gənclərə daim onu nümunə göstəririk. Ola bilər, olimpiya çempionu deyil. Yeri gəlmişkən, iki qızıl medalı var, hər ikisini Bakıda qazanıb. Stabil idmançıdır, bu, çox önəmlidir. Bu yaşda belə nəticələr əldə edirsə, bu, sırf rejimə düzgün əməl etməsi ilə bağlıdır. Ondan tam olaraq razıyıq. Komanda yoldaşları da Səidi çox istəyirlər. Bildiyim qədərilə Hidayətlə eyni otaqda qalırlar. Hər yerə birlikdə gedirlər. Fərqli həyat təcrübəsi var. İnsan kimi yetişkindir. Biz ona tək idmançı kimi baxmırıq. Mollayidən uzun müddət faydalanmaq istəyirik. Məşqçi kimi də ola bilər, başqa istiqamətdə də. Azərbaycanı çox sevir, karyerasını bitirəndən sonra burada qalmaq, yaşamaq istəyir. Biz də belə düzgün insanın cüdo ailəmizdə yer almasından məmnun olarıq.

- Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmaması, Ukrayna təmsilçilərinin ölkədəki müharibə səbəbindən əksər turnirlərdən kənarda qalması niyə Azərbaycan cüdoçularının xüsusilə qızıl medal sayına ciddi təsir göstərmədi?
- Belarusu bu siyahıdan çıxaraq. Orada hazırda cüdo yoxdur. Natiq Bağırov Belarus yığmasını tərk etdikdən sonra heç bir nəticə qazana bilmirlər. 2008-ci ildən sonra ciddi uğurları yoxdur. Amma Rusiya tərəfi ilə razıyam. Rusiya cüdo sahəsində güclüdür. Amma bu idman növündə rəqabət olduqca böyükdür. Sonuncu dünya çempionatında 30-dan çox ölkə medal qazanıb. Rusiya yoxdursa, Yaponiya, Gürcüstan var. Rusiyanın beynəlxalq arenada olmaması qızıl medal şansımızı cəmi 10 faiz artırır. Guya, onlar hər dəfə birnci yeri tuturlar ki? Məsələn, son olimpiadada cüdoda qızıl medalları olmadı. Çəki dərəcələrinə də baxmaq lazımdır. Məsələn, 60, 66 və 73 kq-da yaponlar liderdirlər. 81 və 90 kq-da gürcülər fərqlənirlər. 100 və +100 kq-da isə vəziyyət dəyişir. Medal sayına baxsaq, Avropada “ilk beşlik”də, dünyada isə “onluq”dayıq. Amma sırf qızıl medala qalanda inanılmaz rəqabət var. Yarışdan öncə soruşsalar ki, hansı ölkələr qızıl medal qazanacaq, ikisinin adını çəkərəm: Yaponiya və Gürcüstan. Gürcülər bu uğura son 2-3 ildə nail olublar.

- Maraqlıdır, gürcülərin uğurunun sirri nədədir və yaxın illərdə onların təcrübəsindən yararlanmaq planınız varmı?
- Burada bir neçə məqam var. Birincisi, gürcülərin milli güləşi cüdoya çox yaxın və uyğundur. Tutma fəndindən çox istifadə edirlər. Ona görə də hələ SSRİ vaxtında belə, yığmanın aparıcı üzvləri məhz onlar olublar. Məsələn, biz daha çox ayağa giririk. Bu səbəbdən sərbəst güləş bizə daha uyğundur. Gürcülərlə yanaşı, monqolların, qazaxların və özbəklərin güləşi cüdoya yaxındır. Onlarda kəmərdən tutma var. Bizdə isə güləşçilər o cür paltar geyinmirlər. Əsasən bədəndən tutmadır. Türklərdə də belədir. Gürcülərin inkişafının ilk səbəbi genetika ilə bağlıdır. Analiz etmişik, onlar 2017-2018-ci illərdən sonra sabit nəticələr qazanmağa başlayıblar. Gürcüstan Cüdo Federasiyası IJF akademiyası ilə 2013-cü ildən işləməyə başlayıblar. Orada akademiyanı bitirən 150-yə yaxın məşqçi var. Türkiyədə 200-dən çoxdur, bizdə isə cəmi 2 nəfərdir. Onlar da məşqçilik deyil, idarətetmə kurslarını yenicə bitiriblər. Sertifikatları ötən il alıblar. Yəni Azərbaycanda hazırda akademiyanı başa vuran məşqçi yoxdur. Bizdə bu ilin fevralında olacaq. Ümid edirəm ki, 78 nəfərin ən azı 50 faizi imtahandan keçə biləcək. Kəsilənlər də olacaq, çünki çox ciddi imtahandır. Gürcülərin ikinci üstünlüyü məhz akademiya oldu. Vaxtında bu imkanı dəyərləndirdilər. Bu isə onların uşaq cüdosunda sürətli inkişafına səbəb oldu. Gürcülər bir çox görüşləri yerdə güləşməklə udurlar. Onlar uşaqlar arasında ayrıca “ne vaza” (parterdə güləş) üzrə yarışlar, təlim-məşq toplanışları keçirirlər. Amma gürcülərin də çatışmayan cəhətləri var. Sadəcə, bizdən bir az öndədirlər. Yaponlar öz yerində, qızlarda onlarla yanaşı, fransızlar da çox güclüdürlər.

- Zelim Kotsoyevin istedadlı cüdoçu olduğunu vurğuladınız. Hazırda onun çəkisində - 100 kq-da Elmar Qasımov da çıxış edir. Sizcə, hansının Paris olimpiadasına getmək şansı daha böyükdür?
- Baş katib kimi bu suala cavab verməyim düzgün olmaz. Nəticələrə baxsanız, özünüz hər şeyi görərsiniz. Amma çox şey Elmar Qasımovun özündən asılıdır. Ötən il bir çox yarışa göndərsək də, yeganə nəticəsi Antalyadakı Böyük Dəbilqədə 3-cü yer oldu. Parisdəki Böyük Dəbilqədə də güləşəcək. Həmin şansdan istifadə etməlidir. Əks halda karyerası ilə bağlı qərar verməlidir ki, nə istəyir. Düşünürəm ki, həmin yarış çox suala aydınlıq gətirəcək. Özünü yaxşı tərəfdən göstərməlidir. Məsələ təkcə medaldan getmir. Hazırlığı, çıxışı da önəmli olacaq. Məşqçilər heyəti görməlidir ki, işıq var. Elmarda bir çox cüdoçuda olmayan potensial var. Təəssüf ki, potensialını tam aça bilməyib. Rio Olimpiadasında 2-ci yeri tutduqdan sonra ən azı bu nəticəni təkrarlamaq üçün idmançı kimi lazımi qədər səy göstərmir. Bunun səbəbini ilk növbədə özündə axtarmalıdır. Xüsusilə son 1 ildə.

- “Ulduz xəstəliyi”?
- Yox, Elmar elə insan deyil ki, “ulduz xəstəliyi”nə tutulsun. Onda elə xüsusiyyət yoxdur. Məsələ peşəkarlıqla bağlıdır.

- Daha video çəkmir?
- Bunu mən deyə bilmərəm. Siz baxa bilərsiniz (gülür). Bilirsiniz, həmin video da çox şişirdilmiş məsələ idi.

- Bəlkə də bunu başqa ölkənin idmançısı etsəydi, bu qədər ajiotaja səbəb olmazdı. Sadəcə, mentalitet məsələsi var...
- Bilirəm, elədir. Cüdoda bu cür hallara yaxşı yanaşmırlar. Kütləvi İnformasiya Vasitələri bunu işıqlandırırlar. Amma hərdən sosial şəbəkələrdə çox şişirdilir. Təbii, etdiyi hərəkət səhv idi.

- Bu il Polşada III Avropa Oyunları keçiriləcək. 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş yarış həm də Avropa çempionatı statusu daşıyırdı. Bu il də belə bir şey gözlənilir?
- Xeyr, bu il Avropa Oyunlarında ancaq qarışıq komanda yarışları olacaq. Biz isə çox güman ki, orada iştirak etməyəcəyik. Çünki qızlar arasında ağır çəkili idmançımız yoxdur. Sadəcə, Nigar Süleymanova var. İstedadlı qızdır. Yeniyetmələrin dünya çempionatında qarışıq komanda yarışında bir gün əvvəl çempion olmuş fransalı idmançını uddu. Potensialı var, amma onu Avropa Oyunlarına göndərə bilmərik, “yana” bilər. İrina Kindzerska olsaydı, başqa məsələ. Həm də elə vaxta salıblar ki, uşaqların əsas yarışlara hazırlıq dövrü olacaq. İyulda Avropa Oyunları, bir ay sonra isə Masters yarışı olacaq.

- Bu il Bakıda yeniyetmələr arasında Avropa Kuboku və Böyük Dəbilqə turnirinin keçirilməsi planlaşdırır. Təqvimdə hər hansı dəyişiklik yoxdur?
- Xeyr. Sadəcə, biz gənclər arasında da Avropa Kuboku təşkil etmək istəyirdik. Hər yaş kateqoriyası üzrə beynəlxalq yarış keçirmək bizim üçün çox vacibdir. Avropa Kuboku elə yarışdır ki, Böyük Dəbilqədən fərqli, istədiyimiz qədər idmançı sifariş edə bilərik. Bəzən seçim etmək üçün belə yarışlar keçirmək daha rahatdır, nəinki hansısa əcnəbi ölkədəki turnirə idmançı göndərmək. Gənclər arasında Avropa Kuboku üçün də EJU-yə müraciət etdik. Bildirdilər ki, əvvəl bunu keçirək, yaxşı olsa, növbəti illərdə hər iki yarışı bizə həvalə edərlər. Bu il Avropa Kuboku 6-7 mayda olacaq. Mayın 7-də isə Qətərdə böyüklər arasında dünya çempionatı olacaq. Kifayət qədər peşəkar komandamız var. Yarışı ən yüksək səviyyədə təşkil edəcəyik. Regionda olmasını çox istəyirdik. Gənclər və İdman Nazirliyi də buna ciddi önəm verir. Yarış Göygöldə olacaq. Qərb zonasıdır. Azərbaycanda cüdonun ən çox inkişaf etdiyi regionlardan biridir. Bu yarışın ənənəvi olmasını istəyirik. Gələcəkdə Avropa Kubokunu Gəncədə də keçirə bilərik.

Son xəbərlər

Orphus sistemi