2015-ci ilin yanvarında start götürəcək mövsümdə 15 komanda iştirak edəcək. Draftda komandaların heyətlərinə cəlb etməsi üçün 239 boksçu təklif olunub. “Baku Fires”lə yanaşı, Rusiya, “Astana Arlans”, “Cuba Domaderos”, ABŞ və Əlcəzair klubları draftda yeni idmançı almayıblar.
Beynəlxalq Həvəskar Boks Assosiasiyasınınn (AİBA) icraçı direktoru Ho Kim çıxışında qadın boksunu inkişaf etdirmək üçün bəzi islahatlar aparmaq niyyətində olduğunu deyib. O, 2016-cı ildən WSB Liqasında hər komandanın heyətinə bir qız boksçunu daxil etmək təklifini verdiklərini söyləyib. Bundan başqa, AİBA Pro Boxing turnirində qadın idmançıların mübarizə aparması ideyası da müzakirə olunur.
Qeyd edək ki, noyabrın 13-də AİBA-nın növbəti konqresi işə başlayacaq. İki gün davam edəcək toplantıda qurum rəhbərliyinə yeni seçkilər keçiriləcək. AİBA İcraiyyə Komitəsinin də yeni tərkibi müəyyənləşəcək. ABF-nin vitse-prezidenti Süleyman Mikayılov AİBA İcraiyyə Komitəsinin üzvüdür. Jejudakı tədbirdə Azərbaycanı Süleyman Mikayılovla yanaşı, “Baku Fires”in baş meneceri Rizvan Gənciyev və federasiyanın baş katibi Nağı Səfərov təmsil edir.