Yuxarı
    Bağlamaq

    "Baku Fires"in baş meneceri: "Boksçularımızdan olimpiadaya 10 lisenziya gözləyirəm"

    Rizvan Gənciyev yeni mövsümün çətin və məsuliyyətli olacağını deyib

    Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) V mövsümü ilə əlaqədar mətbuat konfransı keçirilib. "Report"un məlumatına görə, konfransda Azərbaycanın "Baku Fires" klubu və İtaliyanın "İtalia Thunder" komandasının baş məşqçisi, baş meneceri və idmançıları iştirak edib.

    Qonaq komandanın baş meneceri Kladio Ballor yanvarın 17-də keçiriləcək döyüşdə "İtalia Thunder" idmançılarının uğur qazanacağına ümid etdiyini bildirib: "Baku Fires"in yaxşı döyüşçüləri var. Burada motivasiya böyük rol oynayır. Ümid edirəm ki, sabah keçiriləcək görüş bizim xeyrimizə nəticələnəcək".

    "Baku Fires"ın baş meneceri Rizvan Gənciyev yeni mövsümün çətin və məsuliyyətli olacağını diqqətə çatdırıb. O, komandanın heyətində edilən dəyişikliklərdən danışıb: "Bəzi boksçular göndərilib, yeni məşqçi, həkim dəvət olunub. İndi komandada olan boksçuların əksəriyyəti yığma komandanın bir nömrəsidir. Bakıda keçiriləcək I Avropa Oyunlarında da çıxış etmək istəyirik. Həmçinin hazırkı yarışda komandadan 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına 10 lisenziya gözləyirəm. Kimlərə ümid bəslədiyimi desəm, digərlərinin qəlbinə dəyə bilər. Ona görə də əvvəlcədən demək istəmirəm. Ola bilər ki, mən lisenziya gözlədiyim boksçumuz uğur qazanar. Ancaq ümid bəslədiyimiz idmançı Braziliyada keçiriləcək olimpiadaya lisenziya qazana bilməz".

    "Baku Fires"in qrupdakı rəqiblərini dəyərləndirən baş menecer okeanın o tayına uzaq səfərlərin olacağını qeyd edib. R.Gənciyev bunun komandanın çıxışında problem yaratmayacağını söyləyib: "Rəqiblərimiz çox güclüdür, amma biz hər bir rəqibə qarşı hazılaşacağıq. Fevralda bizim Mayamidə görüşümüz var. Bir neçə gün sonra yeni səfər olacaq, amma Bakıya qayıtmayacağıq. birbaşa həmin səfərə yola düşəcəyik. İnanıram ki, başqa qitədə döyüşmək bizim üçün heç bir maneə törətməyəcək".

    Baş menecerlərin çıxışından sonra çəki mərasimi keçirilib. Döyüşçülər öz çəkilərini təsdiqləmək üçün tərəziyə çıxıblar.

    Qeyd edək ki, WSB Liqasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. "Baku Fires" B qrupunda "İtalia Thunder”lə yanaşı, "Astana Arlans”, "Argentina Condors”, "Caciques Venezuela”, "Puerto Rico Hurricanes”, "Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq. A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq. WSB Liqasından 17 boksçu mövsümün sonunda 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49 kq, 91 kq və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi