Yuxarı
    Bağlamaq

    Bakıda Yelkənli İdman üzrə Yay məktəbinə yekun vurulub

    AYİF tərəfindən bağlanış mərasimi təşkil edilib

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Yelkənli İdman Federasiyası (AYİF) tərəfindən Yay Məktəbinin bağlanış mərasimi təşkil edilib.

    “Report” xəbər verir ki, tədbirdə AYİF-in idarəetmə komitəsinin üzvləri, beynəlxalq dərəcəli mütəxəssislər, idmançılar, eləcə də, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən federasiya prezidenti Qüdrət Qurbanov bildirib ki, Azərbaycan yığması ötən ay Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında idmançı sayının qazanılan medallara nisbətində bütün ölkələri qabaqlayaraq birinci yer tutub.

    Federasiyanın bu vaxtadək gördüyü işlər barədə məlumat verən Qüdrət Qurbanov, qurumun gələcək perspektivlərinə toxunub, eyni zamanda idmançıların qısa müddət ərzində əldə etdikləri uğurları yüksək qiymətləndirərək, ölkədə ilk dəfə təşkil olunmuş Azərbaycan Yelkənli İdman Federasiyasının “Optimist sinfi” üzrə federasiya kuboku yarışlarından məmnunluğunu ifadə edib.

    Tədbirdə ölkədə sağlam həyat tərzinin təşviq edilməsində və cəmiyyətdə bu idman növlərinə marağın daha da artırılmasında KİV-in əhəmiyyətindən danışılıb, bu prosesdə iştirak edən mətbu orqanlarına və tərəfdaşlara xatirə plaketləri təqdim edilib. Siyahıda “Report” İnformasiya Agentliyi də yer alıb.

    Daha sonra AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssislər – Burcu Algon Corcanni, Seyhun Yıldız və Tuğçe Subaşı tərəfindən hesabat xarakterli təqdimat edilib və qarşıdan gələn dövrdə idmançıların iştirak etməsi gözlənilən beynəlxalq yarışlar barəsində geniş məlumat verilib. Onlar, həmçinin növbəti hədəfin Azərbaycanı Tokio Olimpiadasında layiqincə təmsil edə biləcək idmançıların hazırlanması olduğunu diqqətə çatdırıblar.

    Sonda AYİF tərəfindən təşkil edilmiş Yay məktəbinin iştirakçılarına və qaliblərinə sertifikatlar verilib, habelə 8-9 sentyabrda təşkil edilmiş “Optimist” sinfi üzrə “Federasiya kuboku-2016”nın qalibləri elan edilərək mükafatlandırılıb.

    Müsabiqənin birincisi Selcan Abbas, ikincisi Fərid Məmmədzadə, üçüncüsü isə İsmayıl Kərimov olub.

    Tədbirdə ölkədə yelkən idman növünün geniş təbliğatının və cəmiyyətin bu idman növünə marağının artırılması məqsədilə “Media müsabiqəsi-2016” elan olunub. Bu barədə daha geniş məlumatı AYİF-in rəsmi internet səhifəsindən əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi