Yuxarı

Bakıda ilk dəfə "M-1 Challenge 67" "Odlar Yurdunda döyüş" adı altında turnir keçirilib - FOTO

Azərbaycan idmançıları görüşlərini qələbə ilə başa vurub

Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur "M-1 Challenge 67" "Odlar Yurdunda döyüş" adı altında turnir keçirilib. "Report"un məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 ölkə idmançılarının iştirakı ilə baş tutan yarışda Azərbaycanı üç döyüşçü təmsil edib.

"Baku Fighter" klubundan olan Zaur Hacıbabayev almaniyalı rəqibi Lazar Todevi birinci raundda məğlub edib. Digər azərbaycanlı idmançı Taleh Nəcəfzadə isə Ekvatorial Qvineya idmançısı Felipe Nsueyə qarşı yarışıb. T. Nəcəfzadə görüşün üçüncü raundunda rəqibindən güclü olub.

Gecənin və günün son döyüşündə 77 kiloqram çəki dərəcəsində "M-1" yarışında debüt edən Azərbaycan idmançısı Etiqat Atakişiyev ispaniyalı rəqibi Adrian Pereslə üz-üzə gəlib. Yerli idmançı rəqibini boğucu fəndlə məğlub edərək, adını mükafatçılar sırasına yazdırıb.

Orta çəkidə "M-1" üzrə dünya çempionluğu uğrunda ilk titul döyüşündə slovakiyalı İvan Buxinger rusiyalı rəqibi Mixail Korobkova ilk raundda qalib gəlib. Vadim Malıgin (Rusiya) – İbrahim Novruzov (Gürcüstan) görüşü hakimlərin qərarı ilə heç-heçə yekunlaşıb.

"M-1 Challenge" üzrə dünya çempionluğu uğrunda yüngül çəkidə Aleksandr Butenko (Ukrayna) beş raundun nəticəsi olaraq Artyom Damkovskidən (Belarus) üstün olub. O, öz çəki dərəcəsi üzrə çempionluq kəmərinə layiq görülüb. Turnirin digər görüşdə Azamat Zantuduyev (Qırğızıstan) Bair Ştepinə (Qazaxıstan), Yevgeni Myakinkin (Rusiya) Yevgeni Guryanova (Ukrayna), Zalimbeq Omarov (Ukrayna) Mixail Sırbura (Moldova), Şavkat Raxmanov (Qazaxıstan) nokautla Marselo Britoya (Braziliya) qalib gəlib.

Qeyd edək ki, dünyanın 150 ölkəsində canlı yayımlanan turnirdə fəxri qonaq qismində Ümumdünya Qarışıq Döyüş novləri Assosiasiyasının (WMMAA) və "M-1 Global"ın prezidenti Vadim Finkelşteyn də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi