Bakıda keçirilmiş Avropa Qran Prisinin qalibi nüfuzlu mükafata layiq görülüb - SİYAHI

Bakıda keçirilmiş Avropa Qran Prisinin qalibi nüfuzlu mükafata layiq görülüb - SİYAHI Niko Rosberq "İlin sıçrayışı" nominasiyasında qalib olub
Fərdi
15 Fevral , 2017 10:48
Bakıda keçirilmiş Avropa Qran Prisinin qalibi nüfuzlu mükafata layiq görülüb - SİYAHI

Bakı. 15 fevral. REPORT.AZ/ Monakoda dünyanın ən yaxşı idmançıları üçün ənənəvi "Laureus World Sports Awards" mərasimi keçirilib. "Report"un məlumatına görə, beynəlxalq mükafatın əsas laureatları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qəhrəmanları olub.

İlin idmançısı adına karyerasında dördüncü dəfə yamaykalı sprinter Useyn Bolt layiq görülüb. Qadınlar arasında analoji mükafata "Rio-2016"da 4 qızıl medal qazanmış amerikalı gimnast Simona Baylz sahib çıxıb.

108 illik tarixi ərzində ilk dəfə ötən il MLB-nin qalibi olan "Çikaqo Kabs" İlin komandası sayılıb.

İlin qayıdışı nominasiyasında üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps birinci olub. O, son olimpiadada 5 qızıl medal qazanıb. Felps bu nominasiyada fərqlənən ilk üzgüçü olub.

İdman ruhu nominasiyasında mükafatı İngiltərənin "Lester" futbol klubunun baş məşqçisi Klaudio Ranyeri ilə kapitan Ues Morqan alıb. "Lester" ötən mövsüm sensasion şəkildə Premyer Liqanın qalibi olub.

İlin sıçrayışı adına karyerasında ilk dəfə dünya çempionu olan, o cümlədən, ötən il Bakıda keçirilmiş Avropa Qran Prisini qazanan almaniyalı Formula 1 pilotu Niko Rosberq layiq görülüb. Əvvəllər bu nominasiyada onun həmkarları Xuan Pablo Montoyya, Lüis Hemilton, Censon Batton və Daniel Rikkardo fərqlənib.

Ekstremal idman növlərində İlin qadın idmançısı Reyçel Aterson sayılıb. O, mauntinbayk üzrə Dünya Kubokunun bütün mərhələlərini, sonra isə 4 qat dünya çempionluğunu qazanmağı bacarıb.

Məhdud imkanlı idmançılar arasında italiyalı xanım Beatris Vio fərqləndirilib. O, 19 yaşında əlil arabasında qılıncoynatma üzrə paralimpiya çempionu olub.

İdman yüksəlişi nominasiyasında qaçqınlardan ibarət olimpiya komandası birinci olub. Bu komanda "Rio-2016"da neytral bayraq altında çıxış edib.

Ən yaxşı idman anı kimi "Junior Soccer World Challenge" yarışında baş vermiş epizod mükafatlandırılıb. Həmin epizodda "Barselona"nın U-12 komandası yaponiyalı həmkarlarını yendikdən sonra rəqiblərinə dəstək veriblər. 

Son xəbərlər

Orphus sistemi