1-7 oktyabr tarixlərində Bakıda görmə məhdudlu idmançılar arasında təşkil edilməli olan pauerliftinq üzrə dünya çempionatı Azərbaycanda keçirilməyəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, Bakıdakı yarışa az marağın olması səbəbindən, təşkilatçılıqdan imtina edilib.
Həmin yarışa ev sahibliyi Misirə verilib. Dünya çempionatı 1-8 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində keçiriləcək.
Qeyd edək ki, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyası (IBSA) yanvarın 17-də bu dünya çempionatının Bakıda keçiriləcəyini elan etmişdi. Benç press növ də daxil olmaqla baş tutmalı olan yarış gənclər, böyüklər və veteranlar arasında keçirilməli idi. 1 oktyabrda 10 ölkənin 100-ə yaxın ən yaxşı kişi və qadın idmançıları Bakıya gəlib "Hyatt Regency Hotel"də məskunlaşmalı, 2-3 oktyabrda göz təsnifatı keçirilməli, 4-6 oktyabrda yarış baş tutmalı idi. Həmçinin, bu müddətdə IBSA pauerliftinq referiləri üçün seminarın da Bakıda təşkil olunması nəzərdə tutulmuşdu.