Bakı. 10 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada təknövçülük üzrə peşəkar döyüşçülər arasında "The War" beynəlxalq turniri keçirilib.
"Report" Latviya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqdan olan qarışıq idman növləri üzrə (MMA — Mixed Martial Arts) azərbaycanlı döyüşçü Vüqar Baxşıyev də turnirə dəvətlilər sırasında olub.
Yarışda ümumilikdə MMA, K-1, boks və peşəkar pankration üzrə doqquz döyüş keçirilib. Onlardan dördü titul xarakteri daşıyıb.
Həmyerlimiz Vüqar Baxşıyevin (70 kq-dək) rəqibi litvalı Daynyus Qedvilas olub. Vüqar görüşün 4-cü dəqiqəsində rəqibini texniki nokautla məğlub edib və turnirdə Azərbaycan bayrağını qaldırıb.