Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da Eldəniz Əzizli yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1 hesabı ilə qalib gəlib.
82 kq çəki dərəcəsində Rafiq Hüseynov finala gedən yolda türkiyəli Emrah Kuşanı mübarizədən kənarlaşdırıb - 2:1.
65 kq-da yarışan Elis Manolova isə yarımfinalda kamerunlu Berte Emilyeni 2:1 hesabı ilə məğlub edərək, adını finala yazdırıb.
Yunan-Roma güləşçisi Ülvü Qənizadə qırğızıstanlı Bəy Qonurbayevə 9:0 hesabıyla qalib gələrək finala yüksəlib.
"Report"un məlumatına görə, dünya mükafatçısı, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Elis Manolova isə B qrupundakı ikinci görüşündə qazaxıstanlı Yelena Şaliqinaya "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib.
Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da çıxış edən idmançı B qrupundakı ilk görüşündə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabı ilə qalib gəlib.
55 kq-dakı Elnurə Məmmədova isə ikinci turda digər Özbəkistan təmsilçisi Şoxida Əhmədovaya uduzub - 5:6.
Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək, adını dörd ən güclü güləşçi arasına yazdırıb.
Taleh Məmmədov isə 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub.
Azərbaycanın daha bir titullu güləşçisi Eldəniz Əzizli (55 kq) V İslam Həmrəyliyi Oyunlarına uğurlu başlayıb.
"Report"un məlumatına görə, 30 yaşlı dünya və ikiqat Avropa çempionu türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start verib.
"Report"un məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.
Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.