Yuxarı

Azərbaycanlı idmançı beynəlxalq turnirdə insidentə cəlb olunub - FOTO

O, rəsmi çəkiölçmə mərasimi zamanı ukraynalı rəqibi Artyom Şokalo ilə toqquşub

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan idmançısı Bəxtiyar Abbasovla bağlı insident baş verib. "Report"un məlumatına görə, 30 yaşlı döyüşçü Rusiyanın Krasnodar şəhərində "Tech-KREP FC: PRIME SELECTION" seriyalı turnirin dördüncü mərhələsində rəsmi çəkiölçmə mərasimi zamanı ukraynalı rəqibi Artyom Şokalo ilə toqquşub. 

Ənənəvi baxış duelində Abbasovla Şokalo emosiyalarına sahib ola bilməyib. Söz savaşından sonra ukraynalı idmançı azərbaycanlı rəqibini sinəsindən itələyib. Bu da iki döyüşçü arasında münaqişəyə səbəb olub. Onları turnirin promouteri Aleksey Yatsenko aralaya və rinqdən kənarda davanın qarşısını ala bilib. 

Bəxtiyar Abbasovun qardaşı və şəxsi məşqçisi Şəhriyar Abbasov "Report"a açıqlamasında belə bir insidentin baş verdiyini təsdiqləyib. O bildirib ki, Artyom Şokalo ənənəvi baxış duelində burnunu B.Abbasovun sifətinə toxundurmaq istəyib. Azərbaycanlı döyüşçü bu zaman "Hara ağzıma girirsən?" deyə rəqibini itələyib: "İnsanlar da bundan ajiotaj yaradıblar".  

84 kq çəki dərəcəsində rinq savaşı isə bu gün olacaq.

Qeyd edək ki, daha öncə Bəxtiyar Abbasov Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himni çalınarkən yerə oturub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi