Yuxarı

Azərbaycanlı gimnastlar arasında ən güclülər müəyyənləşir

Üç gün davam edəcək yarışda 160 gimnast iştirak edir

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası Kubok yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək yarışda 160 gimnast iştirak edir.

Turnirdə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksinin idmançıları ilə yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də məharətlərini nümayiş etdirirlər.

22-ci ölkə birinciliyi və bölgələrarası Kubok yarışlarının rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Azər Novruzov bildirib ki, 2015-ci il bizim üçün olduqca əlamətdar oldu. O deyib: "İlk növbədə gimnastlarımızın I Avropa Oyunlarında uğurlu çıxışını qeyd etmək istərdim. Bundan başqa, Marina Durunda və Oleq Stepkonun uğurlu çıxışları 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanmağa imkan verdi".

Yarışların birinci günü 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparırlar. Bu kateqoriyada alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülük üzrə ən güclü gimnastlar müəyyən ediləcək. Həmin yaş kateqoriyasında mübarizə aparacaq bədii gimnastlar isə yarışların ikinci günü qrup hərəkətləri üzrə çıxış edəcəklər.

Fərdi proqramda yarışlara isə 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaqlar. Onlar ip, halqa, top və gürzlərlə hərəkətləri nümayiş etdirəcəklər.

Turnirin sonuncu günündə - dekabrın 19-da yeniyetmələr (2000-2002-ci il təvəllüdlülər) ip, halqa, top və gürz, böyüklər (1999-cu il təvəllüdlü və daha yuxarı yaşlılar) isə halqa, top, gürz və lent ilə çıxışlarda qalib adı uğrunda yarışacaqlar.

Yarışın sonuncu günü, həmçinin “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” qruplarına daxil olan region təmsilçiləri üçün də mühüm əhəmiyyət daşıyır. Onlar hər yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq bölgələrarası ikinci Kubok uğrunda mübarizə aparacaqlar.

İlin sonuncu yarışı konsert proqramı ilə başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi