Azərbaycanlı boksçu Bakıda "Çelsi"nin sabiq qapıçısı ilə döyüşəcək

Azərbaycanlı boksçu Bakıda "Çelsi"nin sabiq qapıçısı ilə döyüşəcək Onlar döyüşü sosial şəbəkə vasitəsilə razılaşdırıblar
Fərdi
23 Aprel , 2018 15:56
Azərbaycanlı boksçu Bakıda Çelsinin sabiq qapıçısı ilə döyüşəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanlı boksçu Ramil Hacıyevin Bakıda keçiriləcək gənclər arasında WBC versiyası üzrə döyüşdəki rəqibi Tey Linn Consun İngiltərənin “Çelsi” futbol klubunun sabiq qapıçısı olduğu müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə 23 yaşlı boksçunun özü “The Sun”a müsahibəsində bildirib.

O, 16 yaşına qədər futbolla məşğul olduğunu, “Çelsi” ilə yanaşı, İngiltərənin “Kristal Pelas” və “Çarlton” komandalarının qapısını qoruduğunu bildirib.

Britaniyalı boksçu döyüş təklifini maraqlı formada aldığını qeyd edib. Cons tanımadığı şəxsin ona sosial şəbəkə vasitəsilə müraciət etdiyini söyləyib: “Facebook”da bir əcnəbi şəxsdən mesaj aldım. Sosial şəbəkədə bizim ortaq dostumuz yox idi. Təsadüfi ismarıcları tez-tez almadığım üçün cavab verdim. “Sənin üçün başqa ölkədə döyüş var, istərdin?”, - deyə soruşdu. Onun sözlərini inandırıcı hesab etdiyim üçün mənim çıxış etdiyim “MTK Global” komandasının əlaqə nömrəsini verdim və söhbəti unutdum. Təxminən, 3 həftə sonra zəng etdilər ki, mənim üçün təklif var. Döyüş təklifini qəbul edəndə, Azərbaycanın Avropada olduğunu düşünürdüm. Oranın bu qədər uzaqda yerləşdiyini zənn etmirdim. Amma bu, yaxşı imkandır”.

Qeyd edək ki, 10 raundluq döyüş mayın 4-də Bakı İdman Sarayında baş tutacaq boks gecəsi çərçivəsində keçiriləcək. Bu, 76,2 kq çəki dərəcəsində çıxış edən Ramil Hacıyevin gənclər arasında WBC versiyası üzrə çempion titulunu qorumaq üçün ilk döyüşü olacaq.

Son xəbərlər

Orphus sistemi