Azərbaycanlı Avropa rekordçusu: "Mən nağıllar aləmindən danışmıram" - MÜSAHİBƏ

Azərbaycanlı Avropa rekordçusu: "Mən nağıllar aləmindən danışmıram" - MÜSAHİBƏ Nazim Babayev: "Bəlkə Ramil Quliyevi incidiblər, bəlkə ona lazımi şəraiti yaratmayıblar?!"
Fərdi
9 Aprel , 2018 15:03

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanlı atlet, yeniyetmə və gənclər (U-23) arasında Avropa çempionu Nazim Babayevin "Report"a müsahibəsi

- İlk növbədə, hazırkı durumunuz baradə danışardınız. Hansı şəraitdə zədələndiniz?

- 3 həftə əvvəl Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışında xəsarət aldım. İkinci məşq günündə zədələndim. Bir hərəkəti yerinə yetirən zaman ayağım burxuldu. Orda da hava isti deyildi. Ona görə də zədə bir az kəskinləşdi, ayağım şişdi və bir sıra problemlər yarandı. O vaxtdan məşqlərimi tam yerinə yetirə bilmirəm. Yalnız ayağımı bərkitməklə kifayətlənirəm. Müalicə də davam edir. Növbəti toplanışa da qatılacaq və məşqlərə qayıdacağam. Qorxulu bir şey yoxdur.

- Zədənizi nə vaxt tam bərpa edəcəksiniz?

- Belə zədələr bir ay ərzində bərpa olunur. Əvvəlki məşqlərə qayıtmaq üçün bu vaxtı gözləməli idim. Artıq 20 gün keçib, indi ağrılarım yoxdur. Bir həftədən sonra tam hazır olacağam.

- 2017- ci ildəki çıxışınızı necə dəyərləndirirsiniz?

- Ötən il mənim üçün uğurlu oldu. Komandam və federasiyam üçün 3 qızıl medal qazandım. Bunlardan birini "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında əldə etdim. Ən böyük məqsədim bu idi. Öz nəticəmi də yaxşılaşdırdım. Daha sonra 20 yaşadək gənclər arasında Avropa çempionatında iştirak etdim. Orada isə 17,18 metr nəticə ilə Avropa çempionu oldum. Bu çıxışı da uğurlu qiymətləndirirəm. Həmin yarışda şəxsi rekordumu yenilədim. Sonuncu yarışım isə XXIX Yay Universiadası oldu. Həmin turnirin seçmə mərhələsində zədələnsəm də, həkimlərin köməyi ilə problemi aradan qaldırdıq və qızıl medala sahib oldum. 2017-ci ildə 3 qızıl medal mənim üçün uğurlu nəticədir.

- 3 təkanla uzununa tullanma növündə istedadlı və gənc idmançısınız. Bu halda Aleksis Kopelyonun Azərbaycan millisinə cəlb olunması Sizə necə təsir etdi?

- Mən azərbaycanlıyam, 14 ildir atletika ilə məşğulam. Bu ölkə üçün az uğurlar qazanmamışam. İlk növbədə, onu deyə bilərəm ki, Kopelyo gələndə bu, mənə pis təsir etdi. Mən burda ola-ola onu niyə gətiriblər? Bu sualı özümə verdim. Amma bu hal mənim üçün əlavə stimul və mübarizə oldu. Qarşıma məqsəd qoydum ki, İslam Həmrəyliyi Oyunlarında ondan yaxşı nəticə göstərməliyəm. Sübut etməli idim ki, hər hansı legionerin gətirilməsinə baxmayaraq, mən Azərbaycanda N1-əm. Nəinki Azərbaycan hətta, Avropada da özümü sübut etməyə çalışıram. Bu il böyüklər arasında Avropa çempionatı var. Orada da Kopelyo ilə birgə iştirak edəcəyik. Aleksisdən də güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Özümə və şəxsi məşqçimə güvənirəm. Federasiya da mənə dəstək olur. O rəqibin gətirilməsi mənim üçün maneə olsa da, onu dəf etmişəm və edəcəyəm.

- Bu il hansı idman yarışlarında iştirak edəcəksiniz?

- Bu il yarışım nisbətən azdır. Ən əsası 7 - 12 avqustda Almaniyanın paytaxtı Berlində keçiriləcək Avropa çempionatıdır. Orada bütün yaş kateqoriyasından olan idmançılar iştirak edə bilərlər. Hədəfim çempionluqdur.

- İdealınız kimdir?

- Öz idman növüm üzrə idealım fransalı Teddi Tamqodur. Uşaqlıqdan onun çıxışlarını izləmiş, onun kimi olmaq istəmişəm. Avropa və ikiqat dünya çempionu, 17,92 metr nəticə ilə dünya rekordçusudur. Mən də yavaş-yavaş buna doğru irəliləyirəm.

- Bəs rekord yeniləmək kimi hədəfləriniz var?

- 20 yaşadək gənclər arasında Avropa rekordu (17,04 metr) mənə məxsusdur. Əsas məqsədim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında medal qazanmaqdır. Bunun üçün istedadım və şanslarım var. Bütün qüvvəmlə olimpiadaya hazırlaşacağam. 2019-cu ildə isə 23 yaşadək atletlər arasında Avropa çempionatı və Universiada keçiriləcək. Bu yarışlarda ikinci dəfə iştirak edəcəyəm. Məğlubedilməzlik seriyasını davam etdirmək istəyirəm. Gələn il həm də böyüklər arasında dünya çempionatı var. Mundialda da layiqli mübarizə aparmağa çalışacağam. Özümü dünya arenasında sübut edəcəyəm.

- Atletika növündə uğur qazanan azərbaycanlı idmançılar çox azdır. Siz isə Tokio olimpiadasında medal qazanmaq istədiyinizi deyirsiniz. Bu, realdırmı?

- Əlbəttə. Mən nağıllar aləmindən danışmıram. Özüm çox gəncəm. Bu idman növü isə ölkəmizdə məşhur deyil. Uğurlarım göz qabağındadır. Niyə də bu uğurlu çıxışı olimpiadada təkrarlamayım?! Hər şey özümdən asılıdır. Məşqçilər, federasiya mənə dəstək olur, hər cür şərait yaradılıb. Ona görə də nəticə qazanmaq lazımdır. Ölkəmizdə də bu idman növünü tanıtmaq niyyətindəyəm. İstərdim ki, azərbaycanlı gənclər atletika ilə məşğul olsunlar. Uğur qazanmaq hər zaman mümkündür.

- Ramil Quliyev vaxtilə Azərbaycanı təmsil edirdi. Amma 2013-cü ildən Türkiyə adına mübarizə aparır və ötən il dünya çempionu olub. Siz də nə vaxtsa başqa ölkəni təmsil etmək barədə düşünmüsünüz?

- Xeyr, belə fikrim yoxdur. Ramilin vaxtındakı vəziyyətlə tanış deyiləm. Bəlkə onu incidiblər, bəlkə ona lazımi şəraiti yaratmayıblar?! Bu, 7-8 il əvvəl olub. Həmin vaxt onu tanımırdım. Bu, Quliyevin seçimidir. Mən isə onun uğurlarına baxıb sevinirəm. Çünki Ramil də azərbaycanlı övladıdır. Dünya çempionu olduğu vaxt çıxışını London Olimpiya Stadionunda tribunadan canlı izləyirdim. Ona halal olsun. Azərbaycanda qalsaydı, bəlkə də həmin nəticəni göstərə bilməyəcəkdi. Amma hər halda, Quliyevin 27 yaşında ikən dünya çempionu olması Türkiyə idmanındakı xidməti kimi tarixə keçdi.

- Siz olsaydınız, Ramil Quliyev kimi addım atarsınız?

- Xeyr. İstəsəm də, edə bilmərəm. Çünki Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının yeni qaydalarına əsasən, vətəndaşlıq dəyişməyin qarşılığında, keçmiş milli federasiyası razı olmasa, 8 illik diskvalifikasiya nəzərdə tutulur. 

- Yəqin ki, sizin də boş vaxtlarınız olur...

- Əlbəttə. Məşqlərimiz çox olur. Ağır məşq prosesi keçirik. Fikrimizi yalnız idmana yönəltsək, psixoloji cəhətdən yüklənmiş olarıq. Boş vaxtlarım həftədə iki dəfə olur. Onu ailəmlə, dostlarla birgə keçirir, istirahət edirəm. Təlim-məşq toplanışlarında isə istirahətə də vaxt olmur, bütün fikirmiz məşqlərə yönəlir. Boş vaxtlarımızda istirahət etməyi bacarırıq.

- Ən böyük arzunuz nədir?

- Bu da idmanla bağlıdır. Hələlik ən böyük istəyim olimpiadada medal qazanmaqdır.

Son xəbərlər

Orphus sistemi