Azərbaycanın velosiped komandası dünya reytinqində 4-cü olub

Azərbaycanın velosiped komandası dünya reytinqində 4-cü olub Belçikanın 3 klubu reytinq sıralanmasında "Synergy Baku"nu qabaqlaya bilib
Fərdi
15 Dekabr , 2016 12:50
Azərbaycanın velosiped komandası dünya reytinqində 4-cü olub

Bakı. 15 dekabr. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünya komandalarının cari ilin yekun reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental komandası bu il keçirilən yarışlarda əldə etdiyi nəticələrə əsasən, planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb.

Reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çinin 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralanmasında "Synergy Baku"nu qabaqlaya bilib.

Ölkələr üzrə götürdükdə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.

2016-cı ildə "Synergy Baku" iştirak etdiyi "Tour of Croatia", "Tour d’Azerbaïdjan", "Tour of Serbia" və "Tour of Szeklerland" (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Azərbaycan komandasının təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.

176 kontinental və 23 pro-kontinental komandanın birgə açıqlanan reytinqində "Synergy Baku" səviyyəcə özündən bir pillə yüksəkdə olan 9 pro-kontinental, yəni peşəkar qitə klubunu da geridə qoyub.

Qeyd edək ki, qadın velosipedçi Yelena Pavluxina bu il Çexiyada keçirilən "Gracia Orlova" yürüşünün qalibi olmaqla yanaşı, Çində təşkil olunan Dünya Turu yarışında və Avropa çempionatının fərdi ötüşmə növündə, trek velosipedçisi Sergey Omelçenkonun Avropa çempionatında bu idmanın keyrin növündə 9-cu yeri tutub.

Son xəbərlər

Orphus sistemi