Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunan turnirdə 8 medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yalnız finalda məğlub olan Orxan Abasov (79 kq) gümüş medalla kifayətlənib. Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, güləşçilər baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi yarışda iştirak ediblər.