Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov məşqlərə başlayıb.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev açıqlama verib.
O bildirib ki, Əsgərov şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında Gəncədə fərdi qaydada çalışır. O, titullu pəhləvanın Qazaxıstanın paytaxtı Nur-Sultanovda keçiriləcək dünya çempionatınadək kollektiv məşqlərə qoşulacağını əlavə edib.
N.Əliyev qadın güləşçi Mariya Stadnikin Avropa çempionatına zədə səbəbindən aparılmayacağını da diqqətə çatdırıb.
Federasiya rəsmisi Avropa çempionatından gözləntilərini də açıqlayıb: “Heyəti sabit qitmətləndirmək olar. Ümidvarıq ki, bu heyət ölkəmizi layiqincə təmsil edəcək. Güləşçilərimizdən yüksək nəticələr gözləyirik. Əsas məqsədimiz dünya çempionatında uğurla çıxış etməkdir. Çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Buna görə bəzi idmançılarımızı qoruduq”.
Qeyd edək ki, Avropa çempionatı 8 - 14 apreldə keçiriləcək. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılacaq.