Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb Komanda üzvləri Kiyevdə Ukrayna ilə birgə təlim-məşq toplanışındadırlar
Fərdi
27 Aprel , 2017 18:24
Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Serbiyanın Novi Sad şəhərində mayın 2-də start götürəcək Avropa çempionatı üçün Azərbaycanın qadın güləşi üzrə yığma komandasının heyəti açıqlanıb.

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, altı gün davam edəcək yarışa 7 idmançı yollanacaq.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.

Hazırda yığma üzvləri Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışındadırlar.

Proqrama əsasən, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq qadın güləşçilər yarışacaq. Mayın 3-də 65 və 97 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər, mayın 4-də 61 və 74 kq sərbəst, 55 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 70 və 125 kq sərbəst, 58 və 69 kq qadın güləşçilər isə mayın 5-də qüvvələrini sınayacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi