Azərbaycan qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 31 yaşlı idmançı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.
1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələn Stadnik ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.
Beləliklə, o, olimpiadaya vəsiqə əldə edən ilk azərbaycanlı güləşçi olub. Daha əvvəl atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev də "Tokio-2020"də iştirak hüququ əldə edib.
Qeyd edək ki, Mariya Stadnik karyerasında dördüncü dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, "Pekin-2008"də bürünc, "London-2012" və Rio-2016"da gümüş medal əldə edib. Stadnikin aktivində dünya çempionatının, 7 dəfə Avropa çempionatının və 2 dəfə Avropa Oyunlarının qızıl medalları da var.