Gənclər, böyüklər arasında Avropa və dünya çempionu olmaq istəyirəm. Bunu bacaracağam. Məşqçilərim mənə çox inanırlar.
Bunu "Report"a açıqlamasında Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova deyib.
59 kq çəki dərəcəsində mübarizə aparan idmançı mükafat əldə etdiyi üçün çox sevindiyini bildirib: "Bakıda, öz ölkəmizdə medal qazanmaq, qadın millisində ilk medalı hesaba yazdırmaq sevindirici oldu".
R.Məmmədova finala yüksələ bilməməsi barədə danışıb: "Rəqiblərim məndən yaşca böyük və təcrübəli idilər. Belarusdan olan güləşçiyə 3:4 hesabı ilə uduzdum. O isə Avropa çempionu oldu. Artıq əvəz çıxmağa hazırlaşıram. Onunla harada qarşılaşsam, eyni səhvləri etməyəcəyimə və qalib gələcəyimə əminəm".
Güləşçi növbəti hədəflərindən də söz açıb: "Hər yaş qrupunda medallar qazanıb tarix yazmaq niyyətindəyəm. Artıq yeniyetmələr arasında bunu etmişəm".
O, bu gün finalda çıxış edəcək Elnurə Məmmədova (53 kq) və Jalə Əliyevadan (57 kq) qızıl medal gözlədiklərini vurğulayıb.