Yuxarı

​Azərbaycanın iki kanoeçisi dueti dünya çempionatında mübarizəni dayandırıb

İlk 6-lığa düşənlər yarımfinala yüksələcəklər

Minsk. 28 iyul. REPORT.AZ/ Belarusun Minsk şəhərində yeniyetmə və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatına start verilib. 

"Report"un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Zaslavl" avarçəkmə kanalında təşkil olunan nüfuzlu reqataya 67 ölkədən 1000-dək idmançı qatılıb.

Azərbaycan təmsilçilərindən ilk olaraq, Aleksey Kupin 23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşü üçün start xəttinə çıxıb. 21 yaşlı kanoeçi məsafənin ilk 1/4 hissəsinədək hamıdan öndə sonrakı 500 metrlik bölümdə 4-cü yerə enib və yekunda 4 dəqiqə 17,137 saniyə nəticə ilə 5-ci olub. O, ukraynalı Yuri Vandyuk (03:59.284), qazaxıstanlı Alişer Xayotov (04:00.489), tacikistanlı Şahriyor Daminov (04:04.952) və moldovalı İlya Opryadan (04:14.059) geri qalıb. Əvəzində Kupin tailandlı Fanufonq Jiranaronqçay (04.21.642) və braziliyalı Mayko Ferreyra dos Santosu (04:32.352) üstələyib. Azərbaycan təmsilçisi ilk "6-lığ"a düşdüyü üçün yarımfinala yüksəlib.

Növbəti mərhələdə isə Kupin finişə 4 dəqiqə 48,026 saniyəyə çataraq, yürüşü sonuncu pillədə başa vurub. O, ukraynalı Yuri Vandyuk (03:58.894), polşalı Viktor Qlazunov (03:59.599), ispaniyalı Serxio Valyexo (04:02.014), rumıniyalı Kristian Danut George (04:09.236), çexiyalı David Maxaçek (04:10.631), filippinli Hermi Makaranas (04:20.944) və qırğızıstanlı Tilek Satıbaldiyevdən (04:44.869) geri qalıb. Bu nəticə ilə təmsilçimiz mübarizəni dayandırıb.

Aleksey Kupin Nikita Sablinlə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşə də qatılıb. Bu dəfə seçmə yürüşdə sona yaxın tempi artıran duet finişə 3 dəqiqə 42,799 saniyəyə çatıb və 3-cü yeri tutub. Yürüşün qalibi qazaxıstanlı Sergey Yemelyanov - Timofey Yemelyanov (03:33.336) olub. Reqlamentə əsasən, onlar birbaşa əsas finala yüksəlib. Azərbaycanlı cütlük isə almaniyalı Mixael Müller - Konrad Şaybner (03:39.591), ispaniyalı Mohsin Mutahir - Qonsalo Martin (03:42.946), macarıstanlı Andraş Petko - Adam Fekete (03:45.726), latviyalı Aleks Podenski - Rudolf Seqlin (04:00.749) və filippinli Conatan Ruz - Con-Paul Selesio (04:07.314) ilə birgə yarımfinalda iştirak hüququna yiyələnib.

Növbəti mərhələdə onlar finişə 4 dəqiqə 17,530 saniyəyə 8-ci sırada çatıblar. Kanadalı Kreyq Spens - Dryu Hondc (03:40.645), macarıstanlı Andraş Petko - Adam Fekete (03:40.810) və portuqaliyalı Brunu Afonso - Nunu Silva (03:42.052) duetləri finala yüksəliblər. Polşalı Arsen Slivinski - Mixal Marek Lubnyevski (03:42.080), litvalı Osvaldas Murza - Yevgeni Kurakyonok (03:45.938), italiyalı Fabritsio Mattia - Davide Çestra (03:47.318) və latviyalı Aleks Podenski - Rudolf Seqlin (04:03.998) duetləri B finalında (10 - 18-ci yerlər) mübarizə aparacaqlar. Kupin - Sablin dueti isə qırğızıstanlı Tilek Satıbaldiyev - Murat Satıbaldiyev (04:39.780) cütlüyü ilə birgə mübarizəni dayandırıb.

İyulun 29-da isə Azərbaycanın daha 2 təmsilçisi start xəttinə çıxacaq. Yeniyetmə kanoeçi Mixail Bıxkalo saat 16:55-də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşə başlayacaq. Onun rəqibləri Bencamin Menninq (Avstraliya), Mattia Alfonsi (İtaliya), Mariuş Milu (Rumıniya), Pablo Qranya (İspaniya), Arkadi Qonçarov (Moldova), Sergey Naqornı (Ukrayna), Gilyermo Quirino Medrano (Meksika) və Konrad Nemedi (Macarıstan) olacaq. İlk "6-lığ"a düşənlər yarımfinala yüksələcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi