Avropa çempionatının finalında çətin döyüşdə qalib gəldim.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında qızıl medal qazanmış güləşçisi Xetaq Karsanov (97 kq.) deyib.
“Beynəlxalq səhnədə çıxış etmək imkanına görə Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm. Ümid edirəm ki, onları ruhdan salmadım. Məşqçilərimə, böyük məşqçi Arif Abdullayevə, bütün məşqçi heyətinə və digər şəxslərə xüsusi təşəkkürümü bildirirəm. Finalda xoş emosiyalar aldım. Çox məmnunam”, - o əlavə edib.
Qeyd edək ki, Avropa çempionatında yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb. Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan milli 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Millinin heyətində Xetaq Karsanov (97 kiloqram) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.