Yuxarı

​Azərbaycanın daha bir boksçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 39-a çatıb

Bakı. 15 aprel. REPORT.AZ/ Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına bu gün 4 lisenziya qazanıb.

"Report"un məlumatına görə, sonuncu vəsiqəyə yarımfinalda türkiyəli Ali Eren Demirezenə heç bir şans verməyən Məhəmmədrəsul Məcidov yiyələnib.

91 kq-dan yuxarı çəki dərəcəsində yer alan Məcidov "Bakı 2015" I Avropa Oyunlarının 1/4 finalında da yendiyi Demirezeni 3:0 hesabı ilə yenib. O, ilk "üçlüy"ü təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququnu əldə edib. Məcidovun finalındakı rəqibi böyük britaniyalı Jozef Joys olacaq. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 39-a çatıb.

Qeyd edək ki, bu gün daha üç lisenziyanı Yana Alekseyevna (51 kq), Cavid Çələbiyev (56 kq) və Lorentso Sotomayor (64 kq) qazanıb. Abdulqadir Abdullayev (91 kq) isə vəsiqə əldə etmək üçün aprelin 16-da 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən erməni Gevorq Manukyanı yenməlidir. Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) "Rio-2016"ya lisenziya qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi