“Bu il noyabrın 14-də Azərbaycanda keçiriləcək V Uşaq Paralimpiya İdman Oyunlarında 200-ə yaxın uşağın iştirakı gözlənilir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, oyunlar 7 idman növü - paracüdo, boccia, stolüstü tennis, üzgüçülük, qolbol, pauerliftinq və əlil arabasında rəqs növü üzrə təşkil olunacaq.
K.Məmmədov qeyd edib ki, oyunlara qatılacaq uşaqlar 20-yə yaxın şəhəri təmsil edəcək.
Baş katib əlavə edib ki, Uşaq Paralimpiya İdman Oyunlarının gələcəkdə beynəlxalq səviyyədə keçirilməsi əsas məqsədlərdən biridir: “Bakı dəfələrlə beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməyə qadir olduğunu sübut edib. Olimpiya oyunlarına ev sahibliyi üçün ölkə paralimpiya oyunlarına da hazır olmalıdır. Azərbaycanda mövcud infrastruktur buna hələ tam şərait yaratmır. Lakin bu istiqamətdə işlər aparılır və əminəm ki, Azərbaycan gələcəkdə olimpiya və paralimpiya oyunlarına ev sahibliyi edəcək”.