Azərbaycanda cüdonun yaradılmasının yubileyi Gəncədə qeyd olunub

Azərbaycanda cüdonun yaradılmasının yubileyi Gəncədə qeyd olunub Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan - Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə tədbir təşkil olun
Fərdi
28 İyul , 2022 19:35
Azərbaycanda cüdonun yaradılmasının yubileyi Gəncədə qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan - Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə tədbir təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, ACF-nin baş katibi Rəşad Rəsullu və Azərbaycanın tanınmış cüdo üstaları iştirak ediblər.

Gəncə şəhərinin Heydər Əliyev adına Baş meydanında təşkil olunan tədbirdə H.Nəsirov və R.Rəsullu ölkədə bu idman növünün inkişafından söz açıb, cüdoçuların yerli və beynəlxalq arenalarda qazandıqları uğurlardan danışıblar.

Tədbirdə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə ACF-nin yenilənmiş loqosu təqdim olunub. Daha sonra Azərbaycanın tanınmış cüdo ustalarının təqdimatında gənc və yeniyetmə idmançılara ustad dərsləri keçilib.

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə keçirilən “Yaponiya Səfirinin Kuboku 2022” Gəncə şəhər açıq birinciliyinə də yekun vurulub.

Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Takeya Yukihito, eləcə də H.Nəsirov və R.Rəsullu çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Azərbaycan Cüdo Federasiyası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkənin müxtəlif regionlarından olan 25 komandanın 200-ə yaxın cüdoçusu iştirak edib.

“Yaponiya Səfirinin Kuboku 2022” Gəncə şəhər cüdo yarışının təşkilində göstərdiyi dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti ACF və Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi