Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər

Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər.
Fərdi
15 May , 2024 10:35
Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər

Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər.

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəhbəri Məhəmməd Caludun Bakıya səfəri ilə bağlı danışarkən deyib.

Funksioner qonağın paytaxtda bir sıra rəsmi görüşlər keçirdiyini vurğulayıb: "IWF prezidentinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə söhbət etmək imkanı oldu, baş nazir Əli Əsədov onu qəbul etdi. Görüşlərdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, idmançıların yüksək dövlət qayğısı ilə əhatə olunması, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirildi, bir çox digər məsələlər müzakirə edildi. Onların arasında ağırlıqqaldırma üzrə Avropa və dünya birinciliyi və çempionatlarının Azərbaycanda təşkili də var idi ki, bu məsələ də müsbət qarşılandı".

Firdovsi Umudov Məhəmməd Caludun onların dəvəti ilə ölkəyə gəldiyini xatırladıb: "AAF olaraq bütün çalışmalarımıza strateji nöqteyi-nəzərdən yanaşırıq. İstəyirik ki, ölkədə bu idman növünün inkişafı üçün təməli möhkəm olan işlər görək. Bunun üçün isə müəyyən layihələr həyata keçirilməli, istək və sabitlik nümayiş etdirilməlidi. Caludun səfərinin səmərəli keçdiyini qeyd edə bilərəm. Özü də bunu təsdiqlədi, burda gördüklərindən razı qaldığını dəfələrlə dilə gətirdi. Qeyd etdi ki, Azərbaycanda ağırlıqqaldırmanın inkişafı üçün lazımi infrastruktur da var, buradan çıxacaq yetərincə istedadlı atletlər də. "ASK Arena"dakı dayaq təlim-məşq bazamıza baş çəkərkən gördüklərinə əsasən bunları dedi. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməsək də, 4 ildən sonra Los Ancelesdə ən yüksək əyarlı medallar uğrunda mübarizədə olacağıq, qələbə üçün bacarığımızı ortaya qoyacağıq. Buna potensialımız var".

"IWF prezidentinin səfərində məqsədlərdən biri də ölkəmizdə Beynəlxalq Tədris Mərkəzinin (BTM) qurulma imkanlarının nəzərdən keçirilməsi idi. Ağırlıqqaldırma təkcə idmançılardan ibarət deyil, burada məşqçilər də, hakimlər də, həkimlər də, digərləri də əhəmiyyət daşıyır. Bu cür mütəxəssislərin yetişdirilməsi çox vacibdi. Belə bir layihənin Azərbaycanda gerçəkləşməsi idmanımıza böyük təkan olacaq. Dünyada bu cür mərkəzlər hər qitədə biri olmaqla seçiləcək, Avropadan ən real namizəd isə bizik. Məhəmməd Calud müvafiq infrastrukturla tanış olandan sonra məhz bizim namizədliyimizi dəstəkləyəcəyini bildirdi. 2025-ci ildən etibarən ağırlıqqaldırmada məqşçilərin lisenziyalaşmasına start veriləcək və müvafiq sertifikata malik olmayan mütəxəssislər beynəlxalq yarışlara gedə bilməyəcəklər. Məşqçilər bir həftəlik seminarlarda iştirak etməli, imtahan verməli olacaqlar. Bütün bunlar BTM-lərdə həyata keçiriləcək və dünyadakı 5 mərkəzdən birinin Azərbaycanda olması onun əhəmiyyətini artıracaq və nüfuz gətirəcək", - deyə vitse-prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi