Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (İSHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Azərbaycan Üzgüçülük Federasiyasından "Report"a verilən məlumata görə, mərasim ABŞ-nin Florida ştatının Fort Lauderdeyl şəhərində, İSHOF Honoree İnduction qərərgahında baş tutub.
Qurum hər il su idmanının inkişafına böyük töhfələr verən şəxsləri və ya təşkilatları mükafatlandırır. 2023-cü ilin elan olunan qaliblər sırasında rəqabətli üzgüçülük üzrə Mayk Unger, dalğıc idman növü üzrə Ellie Smart, bədii-sinxron üzgüçülük üzrə Maria Joze Bilbao Brunel, su təhlükəsizliyi üzrə Culyen Cons və istirahət üçün üzgüçülük üzrə Sofiya Forte ilə yanaşı, su polosu üzrə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov da var.
Qeyd edək ki, Mark Koqanov su polosu karyerasına 1982-1990-cı illərdə idmançı kimi Azərbaycan milli komandasının tərkibində başlayıb. Daha sonra o, su polosu hakimi olub və 1998-ci ildən bu günə qədər 6 NCAA kişi və qadın finalı da daxil olmaqla, 300-ə yaxın beynəlxalq oyun, ABŞ-ın müxtəlif konfranslarında 1500-dən çox kollegial oyuna hakimlik edib.
Koqanov su idman növləri üzrə çoxsaylı vəzifələrdə, o cümlədən su polosu yarışlarının direktoru, su yarışlarının meneceri, həmçinin bu idman növündə inzibati vəzifələrdə çalışıb.