"Bu il bizim üçün məhsuldar oldu. Bizi qarşıda Səmərqənddə keçiriləcək dünya çempionatı gözləyir. İl hələ başa çatmayıb. Ora böyük nümayəndə ilə qatılırıq".
"Report"un məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov 2023-cü ilin yekunlarına həsr edilmiş tədbirdə deyib.
Federasiya rəhbəri il boyu onların yanında olduğu üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edib.
Məmmədov bu ilin qurum üçün uğurlu olduğunu vurğulayıb: "Birinci növbədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini yada salırıq. Ölkəmizdə təşkil olunmuş Dünya Kubokunun sədası hələ də gəlir. Nicat Abasov bu yarışda çox yaxşı çıxış etdi".
AŞF prezidenti gənc və yeniyetmə şahmatçıların müxtəlif uğurlar əldə etdiklərini xatırladıb: "Qadın şahmatçılar Avropa çempionatında gümüş medala sahib çıxdılar. Kişilər bir az uğursuz çıxış etdilər. Bunu təhlil edirik və nəticə çıxaracağıq. Qızların böyük potensialı var. Onları bir daha təbrik edirəm".