Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün marşal qeydiyyat proqramını başa vurub.
BŞH-dan "Report"a verilən məlumata görə, yanvarın 10-dan etibarən başlayan seçimlərdə 3000-ə yaxın şəxs qeydiyyatdan keçib.
Müsahibə mərhələsi isə fevralın 20-də yekunlaşıb. Artıq 440-a yaxın namizəd müsahibə mərhələsinə qatılıb. Müraciətlər arasında yerli namizədlərin sayi 2300-ə çatıb, onlardan 950-si əvvəlki yarışlarda iştirak etmiş marşallardır. Xarici ölkələrdən 360 müraciət daxil olub.
Martdan etibarən marşalların təlimlərinə start veriləcək. Təlimlər hər şənbə və bazar günləri Avropa Oyunları Parkında yerləşən Marşal tədris-təlim mərkəzində baş tutacaq. Bu prosesin iyunadək davam etməsi nəzərdə tutulur.
Azərbaycan Qran-prisi üçün marşal fəaliyyətini uğurla başa çatdırmış şəxslərə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) beynəlxalq lisenziyası təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin "Formula 1" Qran-prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.
Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.