Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin lideri Anna Başta Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən "Satellite" turnirində qızıl medal qazanıb.
"Report"un məlumatına görə, qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Anna Başta yarımfinala gedən yolda Bolqarıstan təmsilçiləri Kristina Milankova (15:7) və Emma Neikovanı (15:9) mübarizədən kənarlaşdırıb.
Başta yarımfinalda bu mərhələyə kimi irəliləyən digər təmsilçimiz Palina Kaspiaroviçə 15:11 hesabı ilə qalib gəlib. Qadın sablyaçmız həlledici görüşdə bolqar qılıncoynadan Yoana İlievanı 15:13 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin yarmfinalında çıxışını başa vuran Palina Kaspiaroviç isə bürünc medal qazanıb. Qrup mərhələsini uğurla (5 qələbə) başa vuran Palina yarımfinala kimi bolqar və ən güclü 8-liyə yüksəlməyi bacaran sablyaçımız Zərifə Hüseynovaya qalib gəlib.
Digər təmsilçilərimizdən Səbinə Kərimova da ən güclü 8-liyə yüksəlməyi bacarsa da, yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Yoana İlievaya 12:15 hesabı ilə uduzub. Bu mərhələyə kimi irəliləyən Valeriya Bolşakova isə ən güclü dördlüyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstan sablyaçısı Olqa Hramovaya (6:15) məğlub olub. Hramova ən güclü 16-lıqda təmsilçimiz Sevil Bünyatovaya 15:9 hesabı ilə qalib gəlib.