Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, yarışda sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Camaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq. Onlar baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Budapeştə yollanacaq.
Yunan-Roma güləşçilərindən heyətdə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb. İdmançılar baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında çıxış edəcəklər.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev yığma üzvləri ilə görüşüb və ilin ilk lisenziya turnirində əksər çəkilərdə olimpiadaya vəsiqə qazanılacağına inandığını bildirib. O, güləşçiləri bu fürsətdən yararlanmağa çağırıb və onlara məsul yarışda uğurlar arzulayıb.
Daha öncə açıqlanan qadınlardan ibarət millinin tərkibində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutovanın (76 kq) Macarıstandakı yarışda çıxışı nəzərdə tutulub. Onlar baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını icra edəcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 18 - 21 martda olacaq.