Azərbaycan millisinin gimnastı: “Dörd medalla qayıtdığım üçün çox sevincliyəm”

Azərbaycan millisinin gimnastı: “Dörd medalla qayıtdığım üçün çox sevincliyəm” “Ölkəmizə 4 medalla qayıtdığım üçün çox sevincliyəm. Bunlardan biri də qızıl oldu”.
Fərdi
10 Aprel , 2023 21:59
Azərbaycan millisinin gimnastı: “Dörd medalla qayıtdığım üçün çox sevincliyəm”

“Ölkəmizə 4 medalla qayıtdığım üçün çox sevincliyəm. Bunlardan biri də qızıl oldu”.

“Report” xəbər verir ki, bunu Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran Pridə 1 qızıl, 3 gümüş medal qazanan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Ağamirova Qran Pri turnirlərində ilk medallarını qazandığını xatırladıb: “Buna görə məşqçilərimə təşəkkür edirəm. Bundan sonra Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşacağıq. Ümid edirəm ki, həmin yarışda da uğurlu nəticə göstərəcəyik”.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın digər üzvü Zeynəb Hümmətova mövsümün ilk yarışında 1 gümüş və 1 bürünc mükafata yiyələndiyini bildirib: “Ancaq bu, bizim maksimum nəticəmiz deyil. Hərəkətlər üzərində işləməyə davam edəcəyik. Qarşıda bizi Bakıda keçiriləcək Avropa çempionatı və Dünya Kuboku gözləyir. Həmin yarışlarda daha yüksək nəticələr əldə etməyə çalışacağıq”.

Azərbaycan millisinin daha bir gimnastı Güllü Ağalarzadə Bakıda keçiriləcək daha mötəbər turnirlərdə bundan da uğurlu çıxışa ümid etdiklərini vurğulayıb: “Mövsümün ilk turniri olduğu üçün həyəcanlı idik. Birinci yarış olduğundan, nəticələri qənaətbəxş saymaq olar. Kompozisiyalarımızdan hər kəsin xoşu gəldi. Qarşıda bizi daha vacib yarışlar gözləyir. Bakıda Dünya Kuboku və Avropa çempionatı keçiriləcək. Orada daha gözəl çıxışlar edəcəyimizə inanıram”.

Qeyd edək ki, Zöhrə Ağamirova Qran Pridə 1 qızıl, 3 gümüş medala sahib çıxıb. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın digər üzvləri Zöhrə Ağamirova, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc mükafata yiyələniblər.

Son xəbərlər

Orphus sistemi