Komandamız ilk dəfə Avropa çempionatında əla nəticə göstərdi.
"Report"un məlumatına görə, bu barədə yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov bildirib.
Onun sözlərinə görə, idmançılarımızın zədələrlə bağlı müəyyən çətinlikləri olub: "Amma buna baxmayaraq, idmançılarımız bunun öhdəsindən gəlib və ən yüksək nəticə göstərdilər. İdmançılarımızın əhval-ruhiyyəsi yaxşıdır. Qarşıda Olimpiya oyunları var. Seçim gedir, biz də çalışacağıq ki, Olimpiya Oyunlarında çoxlu sayda idmançı ilə təmsil olunaq və daha yaxşı nəticələr əldə edək”.
Yığmanın baş məşqçisi qeyd edib ki, bu məqsədə çatmaq üçün həm idmançılar, həm də məşqçilər çalışır və səy göstərirlər: "Qələbəyə nail olmaq üçün bizə lazım olan şəraiti yaratdığına görə rəhbərliyimizə və hər şeydən əvvəl federasiya prezidenti Mikayıl Cabbarova təşəkkür etmək istərdim".
A.Tarakanov bundan sonra da Azərbaycan bayrağının fəxri məkanda dalğalanması, ölkəmizin himninin səsləndirilməsi üçün çalışacaqlarını vurğulayıb.