Yuxarı

Azərbaycan komandası Hərbçilərin VI Ümumdünya Oyunlarını 12 medalla başa vurub

Bu gün taekvondoçular 1 qızıl, 1 gümüş medal qazanıblar

Bakı. 10 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Ümumdünya Oyunlarında Azərbaycan idmançıları 12 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si qızıl, 4-ü gümüş, 6-sı isə bürünc əyarlı olub.

Bu gün əldə olunan son 2 medal taekvondoçuların aktivinə yazılıb. Qadınların mübarizəsində 49 kq çəki dərəcəsində yarışan Patimat Abakarova cənubi koreyalı Qo Eun Park və misirli Nur Əhməd Hüseyn Abdulsalamı yendikdən sonra finalda çinli Li Çaoyiyə də qalib gələrək, qızıl medala yiyələnib. Kişilərin mübarizəsində 74 kq çəki dərəcəsində yer alan Səid Quliyev isə finaladək daha uzun yol keçib. O, əvvəlcə bosniya və herseqovinalı Srdan Sredoyeviç, ardından iordaniyalı Seif Xatar, yarımfinalda isə tailandlı Piratep Sila-Onu yenib. Həlledici görüşdə çinli Jiannan Huanqa uduzan Quliyev gümüş medalla kifayətlənib.

Daha öncə digər taekvondoçulardan Ayxan Tağızadə (68 kq) gümüş, Radik İsayev (+87 kq) bürünc medal qazanıb. Eyni zamanda yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləşçilərdən Coşqun Əzimov (70 kq) gümüş, Ağahüseyn Mustafayev (65 kq) bürünc medala sahib olub. Daha 5 medal isə cüdoçuların payına düşüb. Vüqar Şirinli (60 kq) gümüş, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Elmar Qasımov (100 kq) və bu 4 cüdoçu ilə Tural Safquliyevdən (90 kq) ibarət Azərbaycan komandası bürünc medal əldə edib.

Bununla da ölkə idmançıları Hərbçilərin VI Ümumdünya Oyunlarında çıxışlarını başa vurub. Oyunlar isə oktyabrın 11-də yekunlaşacaq. Hazırda Azərbaycan medal əyarında 19-cu, medal sayında isə 15-ci pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi