Yuxarı

Azərbaycan kayakçısı Dünya Kubokunda finala yüksəlib

İnna Osipenko-Radomskaya seçmə və yarımfinal yürüşlərini qələbə ilə başa vurub

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə I Dünya Kubokuna start verilib. "Report"un məlumatına görə, üçgünlük nüfuzlu reqatada Azərbaycanı 4 idmançı təmsil edir.

Bakı vaxtı ilə saat 11:45-də mübarizəyə kanoeçi Aleksey Kupin başlayıb. 1 nəfərlik qayıqla (C-1) çıxış edən Kupinin 7 rəqibi olub: Vinsent Slominski (Polşa), Oleq Tarnovski (Moldova), Adrian Bart (Fransa), Dieqo Romero (İspaniya), Stefanos Dimopulos (Yunanıstan), Rivey Vanq (Çin), Gerasim Koçnev (Özbəkistan). Azərbaycan təmsilçisi finişə 4 dəqiqə 3,436 saniyəyə çataraq, 7-ci olub. Bu nəticə ilə Kupin yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə o, Sebastian Brendel (Almaniya), Pavlo Altuxov (Ukrayna), Vinsent Slominski (Polşa), Adrian Bart (Fransa), Sergey Yemelyanov (Qazaxıstan), Oleq Şurikin (Rusiya), Adam Qavenda (Slovakiya) və Stepan Larionovla (Qazaxıstan) mübarizədə 4 dəqiqə 15,872 saniyə nəticə ilə 7-ci yeri tutub və mübarizəni dayandırıb. Kupin daha öncə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında çıxış edib. O, yarımfinalda mübarizəni dayandıraraq lisenziyasız qalıb.

Saat 12:50-də yeganə kayakçı, artıq "Rio-2016"ya lisenziyanı təmin etmiş İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə başlayıb. Seçmə yürüşdə Olimpiya çempionunun rəqibləri Yuliya Borzova (Özbəkistan), Viktoriya Şvarts (Avstriya), Jimey Sara Çen (Sinqapur), İvana Kmetova (Slovakiya), Yu Ju (Çin), Cennifer Eqan (İrlandiya), Anastasiya Nevskaya (Rusiya) və Tabea Medert (Almaniya) olub. Osipenko-Radomskaya yürüşü hamıdan tez - 40,743 saniyəyə tamamlayaraq, yarımfinala yüksəlib.

Növbəti mərhələdə o, Marta Valçikeviç (Polşa), Spela Yanik Ponomarenko (Sloveniya), Marina Litvinçuk (Belarus), Emili Furnel (Kanada), Jo Briqden-Cons (Avstraliya), Julie Frölund Funx (Danimarka), Hanna Braun (Böyük Britaniya) və Cennifer Eqan (İrlandiya) ilə mübarizədə finişə yenə hamıdan tez - 40,629 saniyəyə çatıb və adını finala yazdırıb. Həlledici yürüş mayın 21-də saat 15:05-də olacaq.

Sabah digər yürüşlər də olacaq. İlk olaraq, Nikita Sablin və olimpiadaya daha bir lisenziyanın sahibi Valentin Demyanenko mübarizəyə başlayacaq. Hər iki kanoeçi 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Start xəttinə 10:55-də çıxacaq sablinə Vadim Korobov (Litva), Aleksandr Maksimçuk (Ukrayna), Alfonso Benavides (İspaniya), Qianq Li (Çin), İvan Ştıl (Rusiya) və Zaza Nadiradze (Gürcüstan) rəqib olacaq. Bundan 5 dəqiqə sonra yürüşə atılacaq Demyanenko isə Conatan Haydu (Macarıstan), Angel Kodinov (Bolqarıstan), Pyer-Luk Laliberte (Kanada), Timur Xaydarov (Qazaxıstan), Ştefan Holts (Almaniya) və Yuri Çebanla (Ukrayna) yarışacaq. Hər 2 yürüşdə ilk 7-liyə düşənlər və 8-ci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik kanoeçi yarımfinala adlayacaq.

Saat 11:39-da Kupin 1 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yürüşə çıxacaq. Onun 8 rəqibi olacaq: Abdulaye Queye (Seneqal), Zaza Nadiradze (Gürcüstan), Ferents Seksardi (Avstraliya), Oleq Tarnovski (Moldova), Serciu Krakyun (İtaliya), Leon Mussell (Kuk adaları), Yosep Karlsson (Estoniya), Denis Kovalenko (Ukrayna). Yürüşün qalibi birbaşa finala, 2-7-ci yerlərin sahibləri yarımfinala yüksələcək.

Nəhayət, saat 17:41-də İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri Yuliya Frölund Funx (Danimarka), Zoya Anançenko (Qazaxıstan), Yuliya Borzova (Özbəkistan), Jia Ninq Debora Sav (Sinqapur), Fransiska Vidmar (İsveçrə), Yuliana Salaxova (Rusiya) və Hideka Tatara (Yaponiya) olacaq. İlk "6-lığ"a düşənlər yarımfinala adlayacaqlar.

Qeyd edək ki, I Dünya Kubokuna mayın 22-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi