Yuxarı

​Azərbaycan kayakçısı Dünya Kubokunda daha bir medal qazanıb

İnna 500 m. məsafəyə final yürüşündə bürünc medala sahib olub

Bakı. 22 may. REPORT.AZ/ Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə I Dünya Kubokuna yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan yığması nüfuzlu reqatanı 2 medalla başa vurub.

Hər iki medala 1 nəfərlik kayak qayığı (K-1) ilə çıxış edən İnna Osipenko-Radomskaya sahib olub. Sonuncu yarış günündə 34 yaşlı idmançı 500 metr məsafəyə final yürüşünə qatılıb. Naomi Flud (Avstraliya), Liza Karrinqton (Yeni Zelandiya), Yu Ju (Çin), Marina Litvinçuk (Belarus), Danuta Kozak (Macarıstan), Emili Furnel (Kanada), Emma Ostrand Yörgensen (Danimarka) və Spela Ponomarenko Yaniç (Sloveniya) ilə mübarizədə Osipenko-Radomskaya finişə 1 dəqiqə 48,368 saniyəyə çataraq, bürünc medala sahib olub. O, uzun müddət bütün rəqiblərindən irəlidə olsa da, finişə doğru macarıstanlı və kanadalı rəqiblərini özündən irəli buraxıb. Kozak 1 dəqiqə 47,071 saniyə nəticə ilə qızıl, Karrinqton isə 1 dəqiqə 48,196 saniyə göstərici ilə gümüş medal qazanıb.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya ötən gün 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə gümüş medala sahib olub. Təcrübəli kayakçı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həm 200 metr, həm də 500 metr məsafələrə yürüşdə çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi