"Final görüşündə taktiki səhvlərim oldu. Məşqçinin tapşırıqlarını düzgün yetirə bilmədim. Döyüşü gördüm, amma ondan istifadə edə bilmədim. Ona görə də məğlub oldum. Qarşıda hələ çox yarış var".
Bunu "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunan əməkdaşına açıqlamasında I MDB Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Osman Osmanlı deyib.
84 kq-dan yuxarı çəkidə 2 yeri tutan idmançı bildirib ki, qızıl medal əldə etsəydi belə, Azərbaycan yarışı 4-cü pillədə bitirəcəkdi: "Qismət belə imiş, gümüş medal götürdüm. Ümid edirəm ki, gələcək yarışlarda çempion olaram".
Osmanlı ilk yarışın ilk dəfə keçirilməsinə baxmayaraq, təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyib: "Hər şey çox əla idi. Atletlər kəndi, yediyimiz yeməklər qaydasında idi. Yarış çox yaxşı keçdi. Təəssüf ki, qızıl medal qismət olmadı".
Osmanlının sözlərinə görə, Oyunlarda iştirak edən idmançıların hamısı güclü idi: "Xüsusilə Əminağa Quliyevin 1/8 finalda qarşılaşdığı ermənistanlı Geqam Nikoqosyan beynəlxalq yarışlarda nəticə verən idmançıdır. Amma karateçimiz ona 8:0 hesabı ilə qalib gəldi. Digər iki idmançımız da erməni rəqiblərini məğlub etdi. İnanıram ki, davamlı olacaq".