Azərbaycan III Avropa Oyunlarında növbəti qızıl medalını qazanıb - YENİLƏNİB-5
- 23 iyun, 2023
- 16:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarının qalibi olub.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq-da çıxış edən idmançı finalda isveçrəli Yelena Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Zaretska ikinci dəfə Avropa Oyunlarının qalibi olub. O, Bakı-2015-də də qızıl medala sahib çıxmışdı. Titullu idmançı 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş analoji yarışda isə ikinci yeri tutmuşdu.
Qeyd edək ki, bu mükafatla Azərbaycan idmançılarının III Avropa Oyunlarındakı medallarının sayı 3-ə çatıb. Hər 3 mükafatı karateçilər əldə ediblər. Daha əvvəl Tural Ağalarzadə (67 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medala yiyələnib.
19:09
Azərbaycan karateçisi Asiman Qurbanlı Polşada keçirilən III Avropa Oyunlarında finala yüksələ bilməyib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda xorvatiyalı Andelo Kvesiçə uduzub - 3:5.
Buna baxmayaraq, Qurbanlı bürünc medal əldə edərək, Azərbaycan komandasına Avropa Oyunlarının ikinci mükafatını qazandırıb.
Qeyd edək ki, daha əvvəl digər karateçi Tural Ağalarzadə (67 kq) yarışın qalibi olub.
18:24
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib.
O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün, həmçinin, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı da yarımfinal görüşünə çıxacaq.
16:01
Azərbaycanın daha bir karateçisi Krakov-2023 III Avropa Oyunlarında medalı təmin edib.
“Report”un məlumatına görə, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı yarımfinala vəsiqə qazanmaqla bunu bacarıb.
B qrupundakı ilk görüşündə ispaniyalı Babakar Sakoya 6:4 hesabı ilə qalib gələn 31 yaşlı idmançı növbəti qarşılaşmada gürcüstanlı Qoqita Arkania ilə bacarmayıb - 1:2. Son döyüşdə isə bosniya və herseqovinalı Anes Bostanjiçi 9:1 hesabı ilə məğlub edən Azərbaycan karateçisi adını yarımfinala yazdırıb.
Qadınlardan isə Fəridə Əliyeva (68) qrupdakı hər üç görüşünü uduzaraq, mübarizəni dayandırıb.
14:58
Azərbaycan karateçisi Fərid Ağayev Krakov-2023 III Avropa Oyunlarında mübarizəni dayandırıb.
“Report”un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 21 yaşlı idmançı 75 kq çəki dərəcəsində yer aldığı B qrupundan yarımfinala yüksələ bilməyib.
İlk iki görüşündə müvafiq olaraq ukraynalı Andrey Zaplitnyi (1:2) və italiyalı Daniele De Vivoya (2:5) məğlub olan F.Ağayev portuqaliyalı Tiaqo Migel Qonçalveslə heç-heçə edib – 0:0.
Qeyd edək ki, qadın karateçi İrina Zaretska 68 kq çəki dərəcəsində qrupdakı hər üç görüşdə qələbə qazanaraq, yarımfinala yüksəlib və minimum bürünc medalı təmin edib.
11:51
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək, medalı təmin edib.
“Report”un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəlib.
O, üçüncü duelində ispaniyalı İzabel Nyetonu çətinliklə (4:3) məğlubiyyətə uğradıb. 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib.
Qeyd edək ki, İrina Zaretska yarımfinal görüşünə Bakı vaxtı ilə saat 18:10-da çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Alize Agier olacaq.