Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.
Bu barədə “Report”a Federasiyadan bildirilib.
Qeyd edilib ki, 13 dövlətin - Bolqarıstan, Litva, Gürcüstan, Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Qırğızıstan, Estoniya və İspaniyanın iştirak etdiyi turnirə Azərbaycan 5 idmançı (Vüsal Əliyev, Kənan İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev, Elbrus Səmədov) ilə qatılıb.
-270 kateqoriyasında çıxış edən Vüsal Əliyev yarımfinalda Estoniya, final döyüşündə isə Litvadan olan idmançılara, -215 (U-19) kateqoriyasında çıxış edən Sevinc Mövsümzadə final qarşılaşmasında Malta idmançısına, -250 kateqoriyasında çıxış edən Elbrus Səmədov isə yarımfinalda Fransa idmançısına, final döyüşündə isə Ermənistandan olan idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıblar və qızıl medala layiq görülüblər. -230 (U-19) kateqoriyasında çıxış edən Kənan İsmayılzadə isə yarımfinal döyüşündə İngiltərədən olan idmançıdan üstün olub, yalnız finalda Gürcüstan idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib.
“İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. İdmançılarımızın yarışlara lazımi səviyyədə hazırlaşmasında Azərbaycan Koşıki Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın prezidenti Rafael Bünyatovun, vitse-prezident Vəliyulla Bünyatovun və yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər.
Bundan əlavə, Federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak üçün bizə daim kömək göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan Karate Federasiyası İctimai Birliyinin prezidenti Ülvi Quliyevə öz təşəkkürümüzü və ehtiramımızı bildiririk”, - Federasiya vurğulayıb.