Yuxarı

Azərbaycan sərbəst güləşçisi dünya reytinqində liderliyini möhkəmlədib

Siyahıda Azərbaycanın 13 pəhləvanı yer alıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Dünya Güləş Birliyi noyabrda keçirilmiş yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, azərbaycanlı güləşçilərdən 13-ü siyahıda yer alıb.

Ötən ay ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qazanılan 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Dünya çempionatında qızıl medal qazanmaqla, Azərbaycanın sərbəst güləş tarixində ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev Qızıl Qran Prini də qalib tamamlayaraq, öz çəki dərəcəsindəki liderliyini möhkəmlədib.

Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) Qızıl Qran Pri turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub. Olimpiadanın ikiqat bürünc medalçısı (Pekin-2008 və London-2012), Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov (97 kq) isə reytinqdə 3-cü yerdə qərarlaşıb.

Olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov müvafiq olaraq bir pillə irəliləyiblər. Qızıl Qran Pri turnirinin gümüş mükafatını qazanan pəhləvanlar 4-cü və 6-cı yerə yüksəliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi