Bu, idman karyeramın ən yüksək nailiyyətlərindən biridir.
Bunu "Report"a açıqlamasında Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülməsi ilə bağlı danışarkən deyib.
27 yaşlı idmançı bunun üçün çox sevindiyini bildirib: "Ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında gimnastika tariximizdə ilk dəfə fərdi proqramda və millimizin digər üzvləri ilə birgə komanda hesabında qızıl medal qazanmışam. Qarşıda bizi bu ay paytaxtımızda keçiriləcək Dünya Kuboku və Portuqaliyada təşkil olunacaq Avropa çempionatı gözləyir. Bu yarışda da ümidləri doğruldaraq, ikiqat Avropa çempionu olmaq istəyirəm".
Qeyd edək ki, Mixail Malkin 226 339 səslə bütün rəqiblərini qabaqlayıb. O, səslərin 52 faizini toplayıb. İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səslə (46 faiz) birinci olub.