Azərbaycan idmançıları Tbilisidə WK 1 versiyası üzrə beynəlxalq kikboksinq yarışında iştirak edəcək - FOTO

Azərbaycan idmançıları Tbilisidə WK 1 versiyası üzrə beynəlxalq kikboksinq yarışında iştirak edəcək - FOTO Tbilisi. 10 noyabr. REPORT.AZ/ Sabah Tbilisidə WK 1 versiyası üzrə peşəkarlar arasında ikinci beynəlxalq reytinq döyüşləri keçiriləcək.
Fərdi
658
10 Noyabr , 2018 21:39
Azərbaycan idmançıları Tbilisidə WK 1 versiyası üzrə beynəlxalq kikboksinq yarışında iştirak edəcək - FOTO

Tbilisi. 10 noyabr. REPORT.AZ/ Sabah Tbilisidə WK 1 versiyası üzrə peşəkarlar arasında ikinci beynəlxalq reytinq döyüşləri keçiriləcək.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, yarışları “Qartal” peşəkar idman klubu və Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyası birgə təşkil edib.

Yarışlar öncəsi keçirilən mətbuat konfransında “Qartal” peşəkar idman klubunun prezidenti Yaqub İbrahimov bildirib ki, döyüşlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və İrandan ümumilikdə 22 idmançı iştirak edəcək.

Onun sözlərinə görə, peşəkar döyüşlərdən öncə həvəskarlar arasında Qara dəniz kuboku üzrə açıq çempionat keçirilib: “Çempionatda 11 ölkədən 160 idmançı iştirak edib. Azərbaycanı təmsil edən 11-12 yaşlarında 33-35 kiloqram çəki kateqoriyasında üç idmançı Taleh Mehrəliyev, Fəhmin İdrisov və Abbas Rəhimli birinci yeri qazanıblar”.

Bildirilib ki, peşəkarlar arasında beynəlxalq reytinq döyüşlərində Azərbaycandan 4 idmançı iştirak edəcək. Bunlar 81 kiloqram çəkidə Murad Babayev, 67 kq çəkidə Emin Bəşirov, 33 kq çəkidə Amin Talıbov və 55 kq çəkidə Ayxan Əsədovdur.

Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxiya Tbilisidə keçirilən peşəkarlar arasında beynəlxalq reytinq döyüşlərinin böyük əhəmiyyətinin olduğunu qeyd edib:

“Yarışlar müxtəlif ölkələri təmsil edən idmançılar arasında rəqabət yaradır və bu da onların peşəkarlıq səviyyəsini artırır. Döyüşlər həmçinin idmançıların dünya çempionatlarına daha yaxşı hazırlaşmasına kömək etməklə yanaşı, kikboksinqin populyarlaşmasına kömək edir. Gürcüstanda son illərdə kikboksinq idman növü ilə məşğul olan idmançıların sayı 3-4 dəfə artıb”.

Qazaxıstan nümayəndə heyətinin üzvü, baş məşqçi Daniyar Yusufov yarışlara qatılan idmançıların peşəkarlıq səviyyəsinin yüksək olduğunu deyib:

“Yarışlar idmançıların daha da peşəkarlaşmasına və təcrübə toplamasına kömək edir. Qazaxıstanı yarışlarda dünya və Asiya çempionu, dünya kuboku sahibi Abzal Dyusupov təmsil edəcək. Bütün idmançılara uğurlar arzu edirəm. Qoy, ən güclü qalib gəlsin”.

Qeyd edək ki, “Report” İnformasiya Agentliyi Tbilisidə keçiriləcək beynəlxalq reytinq döyüşlərinə informasiya dəstəyi verir.

Son xəbərlər

Orphus sistemi