Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, üçü gümüş medal qazanıb

Fərdi
  • 29 mart, 2022
  • 19:10
Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, üçü gümüş medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 97 kq-da çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb.

İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Qeyd edək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər.

22:31

Azərbaycan sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 79 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda qarşılaşmada yunanıstanlı Georgios Kugiumtsidislə üz-üzə gəlib.

İlk hissədən sonra 0:5 hesabı ilə geri düşən Aşırov ikinci yarıda əzmkarlıq nümayiş etdirərək fərqi minimuma endirib. O, görüşün son saniyələrində daha bir fənd tətbiq etsə də, hakimlər əvvəlcə bunu qeydə almayıb. "Çelenc"ə baxıldıqdan sonra isə idmançıların hərəsinə 2 xal verilib.

Yekunda 6:7 hesabı ilə uduzan Aşırov fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

20:59

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 65 kq-da çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.

3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.

Sona 33 saniyə qalarkən, Azərbaycan təmsilçisi badalaq atmaq istəyərkən, özü əks fəndlə arxası üstə düşüb. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.

70 kq-da mübarizə aparan Zirəddin Bayramov isə bolqarıstanlı Ramazan Ramazanova qarşı bürünc medal görüşündə xoşagəlməz hadisə nəticəsində məğlub olub. İlk hissədən sonra 6:0 hesabı ilə qalib gələn idmançı qarşılaşmanın sonuna 2 dəqiqə 24 saniyə qalmış qabırğasından zədə alıb. 3 dəfə həkim müdaxiləsinə ehtiyac duyan Bayramov yekunda 7:11 hesabı ilə uduzaraq medalsız qalıb.

20:34

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində rəqib Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olub.

Rəqibinə 6:8 hesabı ilə uduzan Rzazadə gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın yarışda ilk medalı olub.

Qeyd edək ki, bu gün, həmçinin Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasında qüvvəsini sınayacaq.