Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçiləri Parisdə keçirilən “Qran-pri” yarışında uğurla çıxış ediblər

    Azərbaycan güləş komandası Vətənə 3 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdır

    Bakı. 2 fevral. REPORT.AZ/ Yanvarın 31-i və fevralın 1-də Paris şəhərində güləş üzrə ikinci Beynəlxalq “Qran-pri” turniri keçirilib.

    "Report" AzərTAc-a istinadən xəbər verir ki, turnirdə 30 ölkədən 400-ə yaxın idmançı sərbəst, yunan-Roma, habelə qadın güləşi üzrə öz güclərini sınayıb. Hər üç güləş növü üzrə Azərbaycanı 25 idmançı təmsil edib.

    Turnirin ilk günündə 48, 55, 60, 69 kiloqram çəki dərəcəsində qadın, 66, 71, 80, 98 kq çəkidə yunan-Roma, 57, 65, 74, 97 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparıblar.

    Qadın güləşçilərimiz ilk yarış günündə 2 gümüş medal qazanıb. Alyona Kolesnik (55 kq) və Nataliya Sinişin (60 kq) yalnız final görüşündə uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

    Yunan-Roma güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. 80 kiloqramda mübarizə aparan Elvin Mürsəliyev bütün rəqiblərindən üstün olub. Qazaxıstan, Litva, Polşa və İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin qızıl medalını qazandırıb. 66 kiloqramda yarışan Kamran Məmmədov finala qədər Portuqaliya, Macarıstan, Avstriya və Polşa güləşçilərini məğlub edib. Final görüşündə Polşanın başqa bir təmsilçisi ilə görüşü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Orxan Nuriyev (98 kq) mübarizəyə Avstriya güləşçisi üzərində qələbə ilə başlasa da, növbəti görüşdə estoniyalı rəqibinə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda yarışmaq şansı verib. O, həlledici görüşdə İsveç təmsilçisi Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc medala sahib olub.

    Paris “Qran-pri” turnirinin ilk günündə sərbəst güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıblar. 65 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Müslümov və 97 kiloqramda yarışan Olimpiya çempionu Şərif Şərifov bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və turnirin qızıl medalına sahib olublar. Məhəmməd Müslümov ardıcıl olaraq Çindən və ABŞ-dan olan 4 rəqibini mübarizədən kənarlaşdırıb finala yüksəlib. Finalda isə güləşçimiz iranlı rəqibinə heç bir şans verməyib. Olimpiya çempionumuz Şərif Şərifov isə, Kanada, Qırğızıstan və finalda İran təmsilçisini üstələyib və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Bürünc medalları isə yığmamıza Hacı və Yaşar Əliyev qardaşları qazandırıblar. Hacı Əliyev (65 kq) həlledici görüşdə Macarıstandan olan rəqibini məğlub edib. Yaşar Əliyev (57 kq) isə komanda yoldaşı Mircəlal Həsənzadədən üstün olub.

    Beynəlxalq “Qran-pri” turnirinin ilk günündə güləşçilərimiz ümumilikdə 3 qızıl, 3 gümüş və 3 bürünc olmaqla cəmi 9 medal qazanıblar.

    Fevralın 1-də yarışların ikinci günündə finalda qadın idmançılarımız bir bürünc, yunan-Roma üzrə güləşdə isə idmançılarımız iki bürünc qazanıblar.

    Finala vəsiqə qazanan Camaləddin Məmmədov 125 kq çəki dərəcəsində kiçik üstünlüklə ukraynalı güləşçiyə məğlub olub və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Ruslan Dibirhacıyev isə bürünc medala sahib olub.

    Beləliklə, Azərbaycan güləş komandası Vətənə 3 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi