"Medal qazanacağıma əmin idim. Çünki özümü texniki cəhətdən rahat hiss edirdim. Məşqçim dedi ki, onsuz da ikinci olacaqsan. Dostlarımı pis vəziyyətdə qoymaq istəmədim. Hamısına söz vermişdim. Toparlandım və yekunda 2-ci yeri tutdum".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanması barədə danışarkən deyib.
25 yaşlı idmançı 2 ay ərzində yarışa ciddi hazırlaşdığını bildirib: "Sadəcə, çiynimdəki zədəyə görə çətinliklərim oldu. Hər addım, hər medal, hər hadisə sənin üçün yeni təcrübədir. Sadəcə, dişlərini sıxıb, sonadək mübarizə aparmalısan".
Avropa çempionu zədə səbəbindən 25 - 28 noyabrda Bakıda təşkil olunacaq batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına qatılmayacağını söyləyib: "Çiynimdəki zədəni sağaltmaq istəyirəm. Buna görə də qarşıdakı yarışda sadəcə, Milli Gimnastika Arenasına gəlib komanda yoldaşlarıma dəstək olacağam".
Malkin pandemiya dövründə məşq etməyin çətinliklərindən də söz açıb: "Pandemiya vaxtı zala buraxmırdılar. Amma mən həyətdə, küçədə məşq edirdim. Açığı, zal açılandan sonra tullanmağa bir az qorxurdum. Amma sonra gördüm ki, hazırda əvvəlkindən də güclüyəm".