Yuxarı

Azərbaycan cüdoçusu Qran Pridə bürünc medal qazanıb

Nicat Şıxəlizadə isə ciddi zədələnib

Bakı. 26 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə QranPriyə start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 11 təmsilçisindən 3-ü çıxış edib. 

60 kq çəki dərəcəsində yer alan Orxan Səfərov bürünc medal qazanıb. O, tayvanlı Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosanı yendikdən sonra 1/4 finalda komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə bunadək belçikalı Senne Uins və fransalı Valide Xyarı mübarizədən kənarlaşdırıb. İki azərbaycanlı cüdoçunun "duel"indən bu dəfə Səfərov qalib ayrılıb. Lakin o, yarımfinalda monqolustanlı Boldbatar Hanbata uduzub. Nəticədə bürünc medal uğrunda görüşə çıxan 24 yaşlı cüdoçu venesuelalı Havyer Quedsə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Müşkiyev isə ilk təsəlliverici görüşdə braziliyalı Erik Takabataka məğlub olaraq, 7-ci yerlə kifayətlənib. 

Azərbaycanın digər təmsilçisi, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə mübarizəyə belçikalı Kennet van Qensbeki məğlub edərək qoşulub. Daha sonra o, macarıstanlı Bens Zamboriyə qalib gəlib. 1/4 finalda Qazaxıstan təmsilçisi Azamat Mukanovla görüşdə Şıxəlizadə rəqibindən üstün olsa da, ciddi zədələnib. Görüşü zədəli davam etdirən 28 yaşlı cüdoçu yarımfinala çıxa bilməyib. Buna görə də o, təsəlliverici görüşə də qatılmayıb və 7-ci yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi