Yuxarı

Azərbaycan cüdoçusu 8 ildən sonra Parisdə "Böyük Dəbilqə"nin mükafatçısı olub

Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük dəbilqə turnirinə start verilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan millisi 1 gümüş medal qazanıb.

73 kq çəki dərəcəsindəki Rüstəm Orucov ukraynalı Sergey Drebot və türkiyəli Hasan Vanlıoğlunu ipponla, almaniyalı İqor Vandtkeni yuko xalı ilə yendikdən sonra yarımfinala çıxıb. Daha sonra o, çinli Şuay Suna da ipponla qalib gələrək, finala adlayıb. Həlledici görüşdə onun rəqibi yaponiyalı Hiroyuki Akimoto olub. Qarşılaşma sona 25 saniyə qalmış Akimotonun tətbiq etdiyi ipponla başa çatıb.

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə ardıcıl olaraq, israilli Baruç Şmaylov, hollandiyalı Junior Degen və portuqaliyalı Sergiu Oleyniçi yenib. Finala gedən yolda 27 yaşlı idmançının rəqibi monqolustanlı Tumurxuleq Davaadorj olub. Şıxəlizadə vaza-ari xalı ilə yenilərək, qızıl medal şansını itirib. O, bürünc medal uğrunda qarşılaşmada monqolustanlı daha bir cüdoçu Altansux Dovdonla üz-üzə gəlib. Bu qarşılaşmada da rəqib sona 35 saniyə qalmış ipponla qalib gəlib. Beləliklə, Şıxəlizadə 5-ci yerlə kifayətlənib.

Orucov isə qızıl medal qazanmasa da, Azərbaycan cüdoçularının Parisdəki "Böyük Dəbilqə" turnirlərində 8 illik medal həsrətinə son qoyub. Sonuncu dəfə 2007-ci ildə Nicat Şıxəlizadə qızıl, Elnur Məmmədli gümüş medal qazanıb.

İlk gün ərzində tamamiyə çıxan digər cüdoçulara gəldikdə, İlqar Müşkiyev lüksemburqlu Tom Şmit və belçikalı Senne Vinsi yensə də, 1/8 finalda braziliyalı Erik Takabatakeyə uduzaraq, mübarizəni dayandırıb. 66 kq çəkidə yer alan ikinci təmsilçimiz Tərlan Kərimov isə ilk görüşündə meksikalı Eduardo Araujonu yensə də, 1/8 finalda ukraynalı Georgi Zantarayaya uduzub və turnirlə vidalaşıb.

Nəhayət, yeganə qadın cüdoçumuz Aişə Qurbanlı elə ilk görüşdəcə türkiyəli Ebru Şahinə yenilərək, mübarizəni dayandırıb.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirini Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də izləyib. O, yarışa Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə birgə baxıb.

O, 73 kq çəki dərəcəsində fəxri kürsüyə yüksəlmiş cüdoçuların mükafatlandırma mərasiminə də qatılıb. ACF prezidenti Azərbaycan cüdoçusu Rüstəm Orucova gümüş medal təqdim edib. Mərasimə həmçinin 73 kq çəki dərəcəsində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli də qatılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi