“Cüdoçularımız Yaponiyada indiyə qədərki ən yaxşı nəticəni qazandılar. Bu baxımdan yığmanın Böyük Dəbilqə turnirindəki çıxışını yüksək qiymətləndiririk”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu millinin Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirindəki çıxışını dəyərləndirərkən deyib.
Federasiya rəsmisi yorğunluq fonunda yarışda iştirak edən Azərbaycan cüdoçularının 1 qızıl, 2 bürünc medal əldə etmələrindən razı qaldığını bildirib: “Böyük Dəbilqə gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin tərkib hissəsi idi. Komandamız təxminən üç həftə Yaponiyada təlim-məşq toplanışında olmuşdu. Bu proses yüksək səviyyədə keçdi. Əsas məqsəd Böyük Dəbilqədən çox olimpiadaya hazırlıq idi. Buna görə də cüdoçular yarışa “yüklənmiş” şəkildə qoşulmuşdular. Buna baxmayaraq, komandamız yaxşı nəticə göstərdi. Azərbaycan cüdosu tarixində ilk dəfə Tokioda qızıl medal qazanıldı, Dövlət Himni səsləndirildi. Həmçinin iki bürünc medal əldə edildi”.
Rəşad Rəsullu 2024-cü ildə Fransada təşkil olunacaq olimpiada ilə bağlı gözləntilərini də söyləyib: “Kişilər 7, qadınlar isə 2 çəkidə olimpiadaya lisenziyanı, demək olar ki, təmin ediblər. Milliyə yeni qoşulan Acelya Toprak (57 kq), həmçinin Aytac Qardaşxanlının (63 kq) da şansları var”.
Qeyd edək ki, Böyük Dəbilqə turnirində Hidayət Heydərov (73 kq) çempion olub, Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyev (100 kq) isə üçüncü yeri tutublar.