Azərbaycan Cüdo Federasiyası (ACF) "Xocalı İdman Klubu"nun yeniyetmə cüdoçularına kimanolar təqdim edib.
ACF-dən "Report"a verilən məlumata görə, idmançılara gələcək yarışlarda uğurlar arzulanıb. "Xocalı İdman Klubu"nun direktoru Ehram Məcidov, baş məşqçi Vüsal Tanrıverdiyev, mütəxəssislər göstərilən diqqət və dəstəyə görə federasiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qurumun qarşısında duran prioritet məsələlərdən biri də regionlarda, müxtəlif idman cəmiyyətlərində, klublarda bu növün kütləviliyi və inkişaf etdirilməsidir.
Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikanın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.